Özünü "Paşa Sığorta"nın işçisi kimi təqdim edib dələduzluq edir, DİN reaksiya vermir – VİDEO + FOTO

11:24 | 24.01.2020
Özünü

Özünü "Paşa Sığorta"nın işçisi kimi təqdim edib dələduzluq edir, DİN reaksiya vermir – VİDEO + FOTO

"SOCAR-ın department müdirinin müavini kimi özünü təqdim edərək 1100 manatımızı  dələduzluq yolu ilə ələ keçirdi", - bu barədə  Gədəbəy rayon Arıqıran və Alnabat kəndinin 7 nəfər sakinin, Həsənov Salman İkram, Heydərov Çingiz Sadiq, Kazımov Aqil Müsbət, Kərəmov Kərəm Bayram, Kərəmov Zaməddin Ələsgər, Əsgərov Sabutay Xanputa, Əliyev Seymur Pənahın imzası ilə  Anews.az-ın elektron poçtuna göndərilən şikayət məktubunda bildirilir. 

Sakinlərin fikrincə, Arıqıran kəndində qaz yanacağının olmamasından istifadə edən  Abdullayev Mahir Kinyaz oğlu onların hər birindən 146-160 manat aralığında pul alıb. " İllərdi kəndimizdə qaz yoxdur. 2019-cu ildə qaz çəkiləcəyi deyilirdi. Bundan sui-istifadə edən Mahir Abdullayev həmkəndlimizə zəng edərək özünü SOCAR-ın department müdirinin müavini kimi təqdim etdi və  son bir ay ərzində qaz çəkiləcəyini dedi. M. Abdullayev bildirdi ki, qazın  çəkilmə prosesində kənd sakinlərindən işçi qüvvəsinə ehtiyac duyulacaq və onlar sürücü, fəhlə və mühafizəçi kimi işləyəcəklər. Hər birimizdən ayrı-ayrılıqda müxtəlif sənədlərin şəkillərini onun "Whatsapp”-a göndərməyimizi tələb etdi və dediyi sənədləri göndərdik. Bir neçə gün sonra zəng edərək bizləri təbrik etdi ki, işçi kimi qeydə alındınız. Lakin hər bir işçi tutduğu vəzifədən asılı olaraq 146-160 manat dövlət rüsumu ödəməlidır. Mahirin göndərdiyi bank hesabına Gədəbəy rayon Kapital bankdan və ASAN Xidmətdən həmin məbləği ödədik”, – deyə sakinlər bildirir.

Sakinlərin  sözlərinə görə,  elə problem pul ödənildikdən sonra başladı. "Mahir bizi hər gün müxtəlif bəhanələrlə aldadırdı. İşin başlayacağı bir ay müddətin keçməsinə baxmayaraq heç bir iş başlamadı. Biz öz pullarımızı geri tələb etdik. Bizi bloka atdı. Fərqli nömrələrdən zəng edirdik deyə həmin nömrəni işlətmədi. Bundan sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdik. Kəpəz rayon polis əməkdaşları bizdən izahat aldı və həmin vaxt bizə məlum oldu ki, Knyaz tək bizə qarşı dələduzluq etməyib. O, daim bu cür işlərlə məşğuldu. Barəsində müxatəlif rayonlarda cinayət işi açılıb. Bir neçə ay keçməsinə baxmayaraq işimizlə bağlı polisdən məlumat əldə etdikdə  hər dəfə "axtarışdadı, tapa bilmirik” cavabını alırıq”.

Sakinlərin dediyini əsas tutaraq Mahir Abdullayev barəsində araşdırma etməyi qərara aldıq. Məlum oldu ki, həqiqətən M. Abdullayev müxtəlif rayonlarda özünü dövlət və tanınmış özəl müəssisələrin əməkdaşı kimi təqdim edərək vətəndaşları işə düzəltmə adı ilə aldadır. Dələduzluqla onların pulirlunu mənimsəyir.
 
Mahir Abdullayevin növbəti qurbanı Zeynal Məmmədovdur.

Z. Məmmədov qeyd edir ki, Mahir Abdullayev özünü Paşa Sığortanın əməkdaşı kimi təqdim edərək şirkətdə sürücüyə ehtiyac olduğunu bildirdi. "Mahir mənə zəng edərək Paşa Sığortaya sürücü lazım olduğunu bildirdi. 720 manat əmək haqqı müqabilində Paşa Sığortanın verdiyi maşınla yaşadığım Xəzər rayonu ərazisində siğorta mütəxəssisini gəzdirməliyəm.  Hətta maşının idarə olunması ilə bağlı təlimatlar da verdi. Bu işin reallaşması üçün Knyazın göndərdiyi bank hesabına 235 manat dövlət rüsumu ödədim. Pul ödənildikdən sonra Knyaz yoxa çıxdı. Nə iş düzəldi, nə də pulumu geri qaytardı. Bununla bağlı 102 xidmətinə dəfələrlə şikayət etməyimə baxmayaraq hər dəfə məndən 4-cü polis bölməsinin əməkdaşı  izahat alır və Mahiri tapa bilmədiklırini deyir. Bu necə olur mən Knyazın hər dəfə yeni telefon nömrəsini tapıram, ona zəng edirəm amma polis onu tapa bilmir?”.
 
Şikayətçi bildirir ki,  22 yanvar 2020-ci il tarixində həmin dələduzluqla məşğul olan qruplaşma Göygöldə polis tərəfindən yaxalanıb. Lakin pul verməklə həbsdən yaxa qurtara biliblər.
 


Anews.az-ın əldə etdiyi məlumata görə, eyni xoşagəlməz hadisə 4 nəfər İsmayıllı sakininin başına gəlib. Mahir Abdullayev həmin  sakinlərindən  işə düzəltmə adı ilə pul alıb. Sonda məlum olub ki, M. Abdullayev heç bir yerdə işləmir. Müxtəlif yollarla insanları aldadaraq  pullarını mənimsəməklə məşğuldur. 
 
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq, sözügedən problemlə bağlı daha ətraflı email yazmağımız tövsiyyə edildi. Email yazmağımıza baxmayaraq cavab verən olmadı.

PAŞA Sığorta şirkəti də öz növbəsində vətəndaşları dələduzlara aldanmamağa çağırır.

Şirkətdən Anews.az-a bildirilib ki, PAŞA Sığorta şirkətinə daxil olan çoxsaylı şikayətlər əsasında şirkətlə əlaqəsi olmayan bir qrup şəxs tərəfindən dələduzluq halları qeydə alınıb. Araşdırmalara əsasən müəyyən edilib ki, dələduzlar PAŞA Sığorta adından zənglər edərək vətəndaşları işə dəvət edir və işə qəbul qarşılığında ödəniş terminalları vasitəsilə müəyyən məbləğdə pul köçürmələri tələb edirlər. Sözügedən dələduzluğun bir neçə qurbanı qeydə alınıb, belə ki, iş təklif olunan bəzi insanlar tələb edilən miqdarda ödəniş həyata keçiriblər. 

PAŞA Sığorta şirkəti vətəndaşları bu kimi təkliflərə aldanmamağa çağırır. Bu cür hallar şirkətin işə qəbul siyasətinə ziddir və bu şəxslərin PAŞA Sığorta ASC ilə heç bir əlaqəsi yoxdur.  Əhaliyə tövsiyə olunur ki, belə hallarla üzləşdikdə hüquq-mühafizə orqanlarına müraciət etsinlər.
 
Zaur Qənbərov
 
 
 
 
 
















www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb