Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə 26 fevral-2 mart tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olacaq.
İdarənin mətbuat xidmətindən Trend-ə verilən məlumata əsasən, səfər QMİ sədrinin KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi tərəfindən Vyana şəhərində 26-27 fevral tarixlərində təşkil olunan "Sülh üçün dinlərarası dialoq: Sülh içində birgə yaşayış və birgə vətəndaşlığı inkişaf etdirmək" mövzusunda Yüksək Səviyyəli Foruma, habelə KAİCİİD idarəetmə orqanlarının 28 fevral-1 mart tarixlərində keçiriləcək növbəti iclaslarına Təşkilatın yeni seçilmiş üzvü olaraq aldığı dəvət əsasında həyata keçirilir.
Forum və görüşlərdə Beynəlxalq Mərkəzin Direktorlar Şurası və Məşvərət forumunun üzvləri ilə yanaşı dünyanın əsas ənənəvi dinlərini təmsil edən din xadimləri, eləcə də elm, mədəniyyət və ictimai xadimlər, habelə siyasətçilərdən ibarət 200-dən çox tanınmış şəxsiyyət iştirak edəcəkdir. Görüşün qonaqları qismində BMT Sivilizasiyalar Alyansı Yüksək Nümayəndəsi Naser Əl Nassir, İslam Əməkdaşlığı Təşkilatının baş katibi Yusif Əl Üseymin, Vatikanın Dinlərarası Dialoq üzrə Papa şurasının sədri Kardinal Jan Lui Toran, Ekumenik Patriarx Varfolomey, Avropa, Afrika və Yaxın Şərqdən bir çox katolik və pravoslav patriarxları və onların yüksək nümayəndələri, ərəb və müsəlman ölkələrinin baş müftiləri, nüfuzlu yəhudi ravvinləri, buddist və hinduist dini rəhbərlər iştirak edəcək.
Fevralın 28-də dünyanın bütün regionlarını və dinlərini təmsil edən 45 nəfərdən ibarət Məşvərət Forumunun növbəti illik iclası keçiriləcək. Bu Forumun üzvləri Direktorlar şurası tərəfindən təyin olunur. İclas Şura üzvlərinin iştirakı ilə keçiriləcək. Martın 1-də Qafqaz Müsəlmanları İdarəsinin sədri A. Paşazadənin də daxil olduğu 9 nəfərdən ibarət Direktorlar şurasının toplantısı Mərkəzin bundan sonrakı iş planını və strategiyasını tərtib edəcək.
Məlumat üçün bildirək ki, KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi Səudiyyə Ərəbistanı Krallığı, İspaniya və Avstriya tərəfindən təsis olunmuş və Vatikan dövlətinin baş müşahidəçi kimi çıxış etdiyi beynəlxalq qurumdur. Təşkilatın əsas vəzifəsi dünyada baş verən münaqişələrin qarşısını almaq, onları aradan qaldırmaq üçün dünya səviyyəsində dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq etməkdən ibarətdir. Dialoq Mərkəzinin dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafı, müxtəlifliyə, ədalətə və sülhə ehtiramın artırılmasına yönəlmiş missiyası 5 qitə, 25 ölkədən cəlb olunmuş, müxtəlif mədəni və dini mənsubiyyəti olan şəxslərdən ibarət işçi heyətində öz əksini tapır.
Dialoq Mərkəzi dünyanın müxtəlif regionlarında, o cümlədən Avropa, Amerika, Afrika, Asiya, o cümlədən, Yaxın Şərq ölkələrində müxtəlif humanitar layihələr həyata keçirir. KAICIID dünyanın aparıcı dini konfessiyalarının nümayəndələrindən ibarət direktorlar şurası olan, din və dövlət xadimlərinin birgə təmsil olunduğu yeganə hökumətlərarası təşkilatdır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !