Paşinyanın həyəcan çağırışı: Qarabağ müharibə ilə qaytarılır?

09:38 | 21.05.2019
Paşinyanın həyəcan çağırışı: Qarabağ müharibə ilə qaytarılır?

Paşinyanın həyəcan çağırışı: Qarabağ müharibə ilə qaytarılır?

Nikol Paşinyan xalqa çağırış etməklə öz acizliyini və siyasi zəifliyini bir daha sübut etdi.

Bu sözləri Axar.az-a Ermənistanın Baş naziri Nikol Paşinyanın keçmiş ölkə rəhbərlərini Qarabağı və işğal edilmiş digər rayonları Azərbaycana qaytarmağa çalışmaqda ittiham etməsi ilə bağlı çağırışına münasibət bildirən siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

Politoloqun sözlərinə görə, Paşinyan Robert Köçəryanın azadlıqda olmasının onun hakimiyyəti üçün böyük təhlükə olduğunu yaxşı başa düşür:
"Nikol Paşinyanın xalqa çağırışı və səsləndirdiyi fikirlər çox gülünc və sərsəmdir. O, Ermənistanın keçmiş hakimiyyətini torpaqları Azərbaycana müharibə yolu ilə qaytarmaq istəməkdə ittiham edir. Paşinyan indi çox sərt mövqe ilə üzləşib. Robert Köçəryanın azadlığa buraxılması onun hakimiyyətdə olduğu müddətdə ilk ciddi məğlubiyyəti idi. Məğlub olduğunu qəbul etməyən Paşinyan xalqı küçələrə çağırdı. Bu çağırışın baş nazir tərəfindən edilməsi onun acizliyini göstərir.

O ki qaldı Qarabağ məsələsinə, Ermənistanda hakimiyyətdə qalmaq və güclənmək üçün bütün erməni siyasətçilər oradan istifadə etməyə çalışır. Paşinyan da indi Qarabağ ermənilərini öz tərəfinə çəkməyə səy göstərir, lakin bu, elə də asan məsələ olmayacaq”.

Politoloq İrəvanda iqtidar və müxalifət arasında razılıq əldə olunmasının mümkünsüz olduğunu deyib:
"Nikol Paşinyanla Robert Köçəryanın razılığa gəlməsi mümkün deyil. Onlar arasında mübarizə daha da gərginləşəcək. Paşinyanın əsas məqsədi Köçəryanı yenidən həbsə atmaqdır. Lakin məhkəmə qərarına görə, hələlik o, həbs edilə bilməz. Bu qərar onu çox narahat edir. Çünki Paşinyan çox yaxşı başa düşür ki, Köçəryanın azadlıqda olması siyasi revanşa gətirib çıxara bilər. Sərkisyan və Köçəryan onun üçün çox ciddi rəqibdir. Qarabağ demək olar ki, hələ də onların əlindədir. Hələ ki, cəmiyyətin bütünlüklə bölünməsindən söhbət getmir. Lakin gələcəkdə Paşinyanın siyasəti uğurlu nəticə verməsə, bu zaman onun reytinqi aşağı düşəcək. Bundan istifadə edən müxaliflər xalqı ikiyə bölməyə çalışacaq. Hesab edirəm ki, bu, çox uzun çəkməyəcək. Artıq sosioloji araşdırmalara görə, Paşinyanın reytinqi 30 faiz aşağı düşüb”.

Qeyd edək ki, Ermənistanda Robert Köçəryanın azadlığa çıxmasından sonra Paşinyan xalqa müraciət edərək, onları küçələrə çağırıb. Erməni baş nazir həmçinin, ölkədəki keçmiş hakimiyyət nümayəndələrinin hərbi fəaliyyətləri provokasiya edərək, əraziləri Azərbaycana verməyə və bunun da məsuliyyətini İrəvanın üzərinə atmağa çalışdıqlarını iddia edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb