"Son günlər yağan atmosfer çöküntülərinin həddən artıq çox olması nəticəsində qrunt sularının artması və kanalizasiyaların olmaması səbəbindən Bakıda subasmalar artıb”.
Anews.az xəbər verir ki, bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
O bildirib ki, Zabrat və Maştağa ərazisində, Savalan yaşayış massivində, Daş Karxanası yaşayış massivində, Sabunçu rayonu ərazisində salınan Şuşa şəhərciyində, Binəqədi rayonu ərazisində Məlik Aslanov küçəsində, Qala qəsəbəsində subasmalar bu gün də var: "Nübar-2 qəsəbəsində də bu gün aktivlik qeydə alınıb”.
Mütəxəssis qeyd edib ki, Bakı ərazisinin qədim sürüşmə sahələrindən olan Zığda aktivlik var: "Binəqədi rayonu ərazisində yerləşən Zəli gölündəki sürüşmə sahələrində də aktivlik qeyd olunub”.
Ə.Qaralovun sözlərinə görə, son dövrlər respublika ərazisində ən çox aktivlik cənub bölgəsində qeyd olunub: "Lənkəran-Lerik yolunun 27-29, 45-47-ci kilometliyində müəyyən sürüşmə, lokal axıntılar qeyd olunub. Cəlilabad rayonu ərazisində yerləşən Sadaxlı sürüşmə sahəsinin dimamikasında nisbi də olsa, aktivlik hiss olunub. Cəlilabad-Soltankənd avtomobil yolunun 17-ci kilometrliyində sürüşmə baş verib və aktivlik hələ də davam edir. Şamaxı rayonundakı 48A məhəlləsində sürüşmə sahəsi üzərində qeydə alınan çatların ölçülərində nisbi artımlar qeydə alınıb. Bakı-Şamaxı yolununu 106-111-cı km-liyi, Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı km-dəki mövcud sürüşmə sahəsi də aktivləşib. Ay ərzində atmosfer yağıntılarının həddən artıq çox olması nəticəsində sürüşmənin parametrlərində ciddi artım qeydə alınıb. Şamaxı rayonu Dədəgünəş kəndindəki qədim sürüşmə sahəsində də nisbi də olsa, aktivlik qeyd olunub. Muğanlı-İsmayıllı yolunda qədim sürüşmə sahəsinin də bir neçə yerində, Siyəzən rayonu ərazisində Sədan sürüşmə sahəsində, Şabran rayonunun Qazbabalı kəndində də aktivlik qeydə alınıb".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !