AZAL açıqlama verib.
Türkiyənin aşağı büdcəli sərnişindaşıma üzrə aviaşirkəti olan "Pegasus” Azərbaycandan da uçuşlar həyata keçirəcək.
Bunu Gün.Az-ın müvafiq sorğusuna cavab olaraq Azərbaycan Hava Yolları Qapalı səhmdar cəmiyyətinin (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski deyib.
Sorğuya cavab olaraq, AZAL-dan bildirilib:
"Pegasus şirkətinin müraciətinə əsasən bu Türk aviadaşıyıcısına İstanbuldan Qəbələyə uçuşların həyata keçirilməsi üçün artıq razılıq verilib və "Slotlar” təsdiq edilib”.
AZAL-dan onu da qeyd ediblər ki, Pegasus şirkəti indiyədək Azərbaycana uçuşlar həyata keçirməyib və bu baxımdan, sözügedən şirkət tərəfindən uçuşların bərpa edilməsi haqqında danışmaq düzgün olmazdı.
"Məlum olduğu kimi, müntəzəm reyslər iki ölkə arasında hökumətlərarası Sazişlərlə təsdiq edilir. Azərbaycan və Türkiyə mülki aviasiya orqanları arasında müvafiq Saziş 2014-cü ilin noyabrında imzalanıb və hazırda bu sazişin bütün şərtlərinə hər iki tərəfdən riayət olunur.
Hazırda AZAL şirkəti Bakıya, Gəncəyə və Naxçıvana uçuşlar həyata keçirən Türk Hava Yolları ilə sıx əməkdaşlıq edir”.
Bundan başqa P.Kəsəmənski vurğulayıb ki, Türk aviadaşıyıcılarından birinin cari ilin qış mövsümündə Lənkəran şəhərinə aviareyslərin həyata keçirilməsinə başlayacağı istisna edilmir.
Macarıstanın Wizz Air şirkətinə gəldikdə isə, AZAL-dan deyiblər ki, Wizz Air şirkəti 24 avqust tarixində bizə 2016-ci ilin mart ayından aviareyslərin həyata keçirilməsi niyyətində olduğunu bildirib.
"Bizim tərəfdən 2016-ci ilin mart ayından aviareyslərin həyata keçirilməsinə razılıq verilib.
Onu da bildirmək istərdik ki, Azərbaycan tərəfi Wizz Air şirkətinə 2015-ci ilin yay və qış mövsümü ərzində uçuşların həyata keçirilməsi barədə bir neçə müraciət edib, lakin cavab almayıb”.
2016-cı ilin martında uçuşların bərpasına gəldikdə isə, AZAL-dan qeyd ediblər ki, "bununla bağlı yaxın zamanlarda tərəflərin görüşüb danışıqlar keçirməsi gözlənilir”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !