Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində yerləşən "Petkim (PetroKimya) Holding A.Ş." yeni şirkət yaratmaq qərarına gəlib.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Petkim Specialities Mühendislik Plastikleri Sanayi ve Ticaret A.Ş." (Petkim Specialities) adlı şirkət 100% holdingə məxsus olacaq.
Şirkətdə yüksək texnologiya ilə plastik və kimyəvi məhsullar istehsal olunacaq.
Bununla bağlı "Petkim Holding"dən Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasına verilən məlumata görə, holdinqin tərkibinə daxil olan 14 min ton istehsal gücünə malik Plastik İşletme fabrikinin aktivləri "Petkim Specialities" də istifadə olunacaq. Buna əlavə, ilkin mərhələdə 5 mln. dollar məbləğində sərmayə ilə 10 min ton tutumunda yeni avadanlıqla "Petkim Specialities"in imkanları 24 minə çatdırılacaq.
Qeyd edək ki, 30 may 2008-ci il tarixində keçirilmiş hərracda "Petkim Holding”in səhmlərinin 51%-i 2,04 mlrd. dollara "SOCAR/Turcas Enerji A.Ş." tərəfindən satın alınıb. 30 mart 2012-ci ildə isə "Socar Turkey Enerji A.Ş” və "SOCAR International DMCC OGG” Türkiyənin "Petkim" neft-kimya holdinqinin səhmlərinin daha 10,32%-ni özəlləşdirib. Səhmlərin alınmasından sonra SOCAR-ın "Petkim”dəki payı 61,32%-ə çatıb, qalan 38,67% isə İstanbul Fond Birjasında sərbəst dövriyyədə yerləşdirilib. SOCAR 2012-ci il mayın 30-dan etibarən Türkiyədəki fəaliyyətini "SOCAR Turkey Enerji A.Ş.” adı ilə davam etdirir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !