"Bu il üçün neftin baza qiyməti 50-60 ABŞ dolları ətrafında götürülüb".
"APA-Economics" xəbər verir ki, bu barədə "Petkim Petrokimya Holding A.Ş."-nin rəhbəri Səlahettin Korkut Türkiyənin "BloombergHT” telekanalının efirində deyib.
S. Korkutun sözlərinə görə, fövqəladə hadisə baş verməzsə, 2016-cı ildə neftin bir barelinin qiyməti 60 dollaradək arta bilər. "Bizim ölkənin iqtisadiyyatı üçün neftin qiymətinin 60-70 dollar ətrafında olması ideal bir səviyyədir. Çünki, ölkəmizin ixrac bazarlarımızın önəmli bir qismi neft istehsal edən ölkələrin payına düşür. Bu ölkələrdə iqtisadi vəziyyətin yaxşı olması təbii olaraq bizim ixrac bazarlarına da müsbət təsir edəcək".
O, qeyd edib ki, təmsil etdiyi şirkətin satış siyasətində əsasən ölkədaxili bazar əsas götürülür: "Ölkə daxilindəki tələblərə görə ixracın həcmi və nisbəti müəyyənləşdiririk. Mövcud nisbətdəki ixracımızı həyata keçirərkən əsas kimi gəlirli bazarlara gəlirli satışlar əsas götürülür. İndiki dövrdə siyasətdə baş verən hadisələri təqib etdiyimizdə Avropa məkanında satışlara müsbət təsir etdiyini söyləyə bilərik”.
Türkiyədə yerli istehsalın artırılmasının vacib olduğunu deyən S. Korkut qeyd edib ki, əsas və köməkçi xammal istehsalına görə əhəmiyyətli yer tutan "Petkim” məhsul buraxılışını artırmaq və yeni sərmayə yatırımları istiqamətində işlər görür, layihələr üzərində çalışır. Onun sözlərinə görə, bu amil şirkətin müştərilərinin ixrac potensialının yüksəlməsinə səbəb olur: "İstehsal artdıqca ixracımızın da artacağına inanıram”.
Hazırda "Petkim”in istehsal etdiyi məhsulların 75%-i ölkə daxilində satılır, yerdə qalan hissə isə ixrac edilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !