Malayziyanın "Petronas” dövlət enerji şirkəti Norveçin "Statoil” şirkətinin Xəzər dənizdən Avropaya nəql edəcək Trans-Adriatik Təbii Qaz Boru Xətti layihəsindəki (TAP) səhmlərinin alınması məsələsini nəzərdən keçirir.
"APA-Economics”in Themalaysianinsider.com saytına istinadən verdiyi məlumata görə, Malayziya şirkəti TAP-da 20% səhm almaq niyyətindədir.
Məlumata görə, bununla bağlı son qərar hələ qəbul olunmayıb.
Xatırladaq ki, ötən il "Statoil” şirkəti "Şahdəniz” layihəsi və "Cənubi Qafqaz qaz kəməri”ndəki 15,5%-lik payını Malayziyanın "Petronas” şirkətinə satıb. Razılaşmanın ümumi dəyəri 2,25 mlrd. ABŞ dolları təşkil edir.
Qeyd edək ki, cari ilin iyun ayının 9-da Azərbaycan Vergilər Nazirliyi "Petronas Azerbaijan (Shah Deniz) S.A.R.L." şirkətini qeydiyyata alıb.
Xatırladaq ki, "Şahdəniz” layihəsinin iştirakçıları BP (operator - 28,8%), SOCAR (16,7%), "Statoil” (15,5%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
TAP "Mərhələ-2" çərçivəsində "Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. Bu kəmərlə Azərbaycan qazının nəqlinin 2019-cu ildə başlanması nəzərdə tutulur.
Trans-Adriatik qaz kəməri layihəsində səhmdarlar arasında pay bölgüsü aşağıdakı kimidir: BP - 20%, SOCAR - 20%, "Statoil” - 20%, "Fluxys” - 19%, "Enagas” - 16% və "EGL-Axpo” - 5%.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !