Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Sərəncamının, eləcə də bununla bağlı qəbul olunan Dövlət proqramlarının icrası nəticəsində ölkəmiz kosmik sənaye sahəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. 2013-cü il fevralın 8-də Azərbaycanın ilk telekommunikasiya peyki “Azərspace-1”-in orbitə buraxılması isə ölkəmizin dünya kosmik məkanına inteqrasiyasını təmin edib.Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvanda “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzi yaradılıb.AzərTAc xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilənə görə, fevralın 22-də Ali Məclisin Sədri Vasif Talıbov Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzində yaradılan şəraitlə tanış olub.Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov məlumat verib ki, idarəetmə mərkəzi üçün ərazidə yeni inzibati bina tikilib və idarəetmə antennası quraşdırılıb.Binada sistem, idarəetmə və elektrik otaqları, eləcə də mətbəx və istirahət otağı istifadəyə verilib. Sistem və idarəetmə otaqlarında ən müasir avadanlıq quraşdırılıb, işçilərin fəaliyyəti üçün lazımi şərait yaradılıb. Binada təhlükəsizlik tədbirlərinə tam əməl edilib, yanğından avtomatik mühafizə sistemi və videomüşahidə kameraları quraşdırılıb. Əsas idarəetmə mərkəzində yaranan hər hansı texniki nasazlıq zamanı idarəetmə avtomatik olaraq Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinə ötürülür. Bu da “Azərspace-1” peykinin kəsintisiz idarə və istismar olunmasına imkan verir.“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin Naxçıvanda yaradılması muxtar respublika üçün mühüm əhəmiyyətə malikdir. Belə ki, idarəetmə mərkəzi muxtar respublikada informasiya təhlükəsizliyinin təmin edilməsi, elm tutumlu yeni layihələrin icrası, keyfiyyətli teleradio yayım və rabitə xidmətlərinin göstərilməsi, eləcə də elektron hökumətin formalaşdırılması prosesini xeyli sürətləndirəcək.Binanın həyətində də abadlıq işləri aparılıb, transformator yarımstansiyaları və generator quraşdırılıb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi qurulub və ərazinin mühafizəsi təmin edilib.Ali Məclisin Sədri Vasif Talıbov idarəetmə mərkəzinin muxtar respublikada dayanıqlı rabitə xidmətlərinin göstərilməsində və telekommunikasiya infrastrukturunun inkişafında mühüm əhəmiyyətə malik olacağını bildirib, yerli mütəxəssislərin yetişdirilməsi və təhlükəsizlik tədbirlərinə ciddi əməl olunması barədə tapşırıqlar verib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !