"Hazırda qaydaları pozanlar ən çox piyadalar olduğu üçün cərimə məbləğini daha çox qaldırmaq lazımdır"Azərbaycanda müəyyən müddətə də olsa, piyadalar tərəfindən qayda pozuntusuna görə cərimələrin məbləğini artırmaq lazımdır.ANS PRESS-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.Şöbə rəisinin sözlərinə görə, hazırda Azərbaycanda qeydə alınan yol qəzalarının əksəriyyəti piyadaların vurulması ilə nəticələnən hadisələrdir. Ən çox ölüm halları da məhz piyadaların vurulması nəticəsində qeydə alınır. Təhlillər göstərir ki, yol hərəkəti qaydalarını pozanlar da ən çox piyadalardır.K.Əliyev qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinə görə, yol hərəkəti qaydalarını pozan piyadalar hazırda 20 manat məbləğində cərimə olunurlar. Lakin onun fikrincə, bu məbləğ inzibati təsir baxımından kifayət qədər effekt vermir. Ona görə də piyadalara qarşı cərimələrin məbləğinin artırılmasına ehtiyac var: "Cərimələr məqsədə çatmaq üçün yalnız inzibati təsir vasitəsidir. Bütün hallarda inzibati metodlar həmişə öz müsbət təsirini göstərir. Sadəcə vaxt getdikcə cərimələrin məbləğlərinin qaldırılmasına ehtiyac duyulur. Hazırda qaydaları pozanlar ən çox piyadalar olduğu üçün bəlkə də müəyyən müddətə piyadalar tərəfindən qayda pozuntusuna görə cərimə məbləğini daha çox qaldırmaq lazımdır. Məncə, bu sahədə vəziyyət normallaşmayanadək bu cərimələr yüksək olmalıdır. Biz həmişə deyirik ki, bəlkə inzibati tədbirlərdən çox maariflənməyə, təbliğata üstünlük verək və veririk. Amma inzibati tədbirin təsiri səmərəsini daha tez verir".BDYPİ sözçü bildirib ki, statistika göstərir ki, heç də hər sürücü hər piyadanı görə və yaxud da müəyyən qabaqlayıcı tədbir görməyə fürsət tapa bilmir. Çünki sürücü gözləmir ki, yeraltı və yerüstü piyada keçidi olduğu yerdə kimsə keçidin arxasından qəfildən avtomobilin qarşısına çıxa bilər: "Sürücülərdə cərimələrin artması yox, sürücülük hüququnun məhdudlaşdırılması məsələsi onlara daha çox təsir edir. Amma piyadaların küçədə hərəkət etmə hüquqlarını məhdudlaşdıra bilmərik axı".Şöbə rəisi bir daha piyadaları yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etməyə, özlərinin və yaxınlarının təhlükəsizliklərinin qayğısına qalmağa, həyatlarına qarşı laqeyd olmamağa çağırıb: "Piyada fikirləşməlidir ki, avtomobillə toqquşmada ən çox ziyan çəkən özü olacaq. Çünki hərəkətin ən zəif qorunan iştirakçıları həmişə piyadalar olub. Yəni avtomobilin metal örtüyü istər sürücünü, istərsə də sərnişini müəyyən zərbələrdən qoruyur, amma piyadanı heç nə qorumur. Ona görə də ən çox ölümlə nəticələnən hadisələr də piyadaların vurulması ilə baş verən yol qəzalarıdır".Qeyd edək ki, Azərbaycanda 2014-cü ilin ilk 4 ayı ərzində (yanvar-aprel) 735 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 313 nəfər ölüb, 746 nəfər yaralanıb. Hadisələrin çoxu piyadaların vurulması ilə bağlı olub. Bu hadisələr ümumi qəzaların 40,6 faizini təşkil edib və 299 belə hadisə nəticəsində 107 nəfər həlak olub, 215 nəfər xəsarət alıb.Trend