Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov məlumatı "Yeni Müsavat”a təsdiq edib.
E.Zahidov bildirib ki, keçiriıən əməliyyat axtarış tədbiri nəticəsində Daşqın Nəsirovun gizləndiyi yer məyyən edilib və o, tutularaq istintaq orqanına təhvil verilib. Daşqın Nəsirov Türkan qəsəbəsində yaşayan 91 yaşlı Xumara Şabanova və 81 yaşlı Əzizəxanım Atayevanın torpaqlarını saxta sənədlər düzəltməklə məşhur iş adamı "Bridge Group of Companies” şirkətlər qrupunun, "Bridge Plaza” biznes mərkəzinin (Azservice) və "Global Interiors Group” şirkətinin təsisçisi Yaqub Hüseynova satıb. Məsələnin üstü açılandan sonra bəlli olub ki, Xumara Şabanova sağ ikən onun adına ölüm kağızı alınıb. Rəsmi sənədlərdə övladlarının sayı gizlədilməklə cəmi 1 övladı olması göstərilib.
Ardından isə həmin övladından işə düzəltmək adı ilə baş etibarnamə alınıb. Qadının övladını əmin ediblər ki, Çingiz Səfərovun adına baş etibarnamə verdikdən sonra onu tez bir zamanda işə düzəldəcəklər. Əslində isə Şabanovanın ölüm kağızı əlavə edilməklə, övladının onun yeganə varisi olması göstərilməklə və Çingiz Səfərovun adına verilmiş baş etibarnamədən istifadə edərək Şabanovanın sərəncamında olan bağ torpaq sahəsi ələ keçirilib və satılıb.
Məsələnin üstü açılandan sonra əvvəlcə Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanıb, ardından iş materialları Bakı Şəhər Prokurorluğuna göndərilib. İstintaq zamanı cinayətin qrup şəkilində törədilməsi, Əzizəxanım Atayeva və Xumara Şabanovadan savayı 10-a yaxın Türkan sakininə qarşı analoji cinayət törədilməsinə dəlalət edən faktlar ortaya çıxıb. Bundan sonra iş materialları Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaq İdarəsinə göndərilib. Hazırda istintaq davam edir.
"Yeni Müsavat”a daxil olan məlumata görə, hazırda Türkandakı torpaq mafiyası ilə əlaqədar aparılan istintaqda Xəzər rayonunun sabiq başçısı Vaqif Həsənovun da adı keçir. Bildirilir ki, o, Türkan qəsəbə sakini Ağasadıq Vəlibəyovun bağ torpaq sahəsini saxta sənədlərlə ölkədə tanınan iş adamları olan qardaşlara satıb. İddia olunur ki, Ağasadıq Vəlibəyova məxsus torpaq sahəsinin alqı-satqısında Daşqın Nəsirovun, Rahil Babayevin və Çingiz Səfərovun iştirakı da araşdırılır.
E.MƏMMƏDƏLİYEV,
"Yeni Müsavat”
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !