Polisdə vəzifə tutan məmur qohumları hamısı yaxşı oğlanlardır - MÜSAHİBƏ- VİDEO

11:50 | 02.07.2022
Video əlavə olunub

 
Azərbaycan polisinin yaranma tarixi 1918-ci il iyulun 2-ə təsadüf etdiyindən hər ilin bu günü  Azərbaycanda Polis Günü kimi qeyd edilir. Bu tarixlə əlaqədar Azərbaycan Daxili İşlər Nazirliyinin İctimaiyyətlə  əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevlə polisin bugünkü fəaliyyəti, polis-cəmiyyət münasibətləri kimi məsələlərdən danışdıq. İlk sualımız belə oldu:  vətəndaş polisə niyə inanmalıdır?
 
Belə bir fikir var ki, polisin vəzifəsi vətəndaşı qorumaq və mühafizə etməkdir. Polis qanunla üzərinə düşən vəzifələri və prinsip etibarilə ictimai qaydalar əsasında təhlükəsizliyi təmin edən şəxsdir. Bu gün  aparılan sorğu nəticələri də onu deməyə əsas verir ki, əgər hər hansı bir ölkədə polisə inam 70-80%-in üzərindədirsə, həmin nəticələri yüksək qiymətləndirmək olar. Bu gün Azərbaycanda da polis-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi üçün işlər davam etdirilir.

- Azərbaycan polis orqanlarında hansı beynəlxalq metodlardan istifadə olunur?

- Hazırda polisin iş prosesinin tənzimlənməsində innovativ texnologiyalar tətbiq olunur. DİN orqanlarının şəxsi heyətinin ali səviyyədə yüksəldilməsi üçün xarici seminarların təşkili və beynəlxalq səviyyəli  mütəxəssislərin dəvət olunması hər zaman diqqət mərkəzində saxlanılır. 


- Ramil Usubovdan sonra DİN-in fəaliyyətində hansı dəyişikliklər olub?

- Hansısa formada Ramil Usubovun faəliyyətinə qiymət vermək mənim həddim deyil.  Bütövlükdə hər gün müasir innovativ texnologiyalar, müasir qayda və tələblərə uyğun olaraq polisin fəaliyyətinin təkmilləşdirilməsi prosesi davam etdirilir. Şəxsi heyətin hazırlığı, digər mənəvi-psixoloji ruhun yüksəldilməsi, bir sözlə  bütün zəruri nə varsa həmin tədbirlər icra olunur. Dövr əvvəlki dövr deyil. Dövrün təhdid və çağırışları var. Bu çağrışlara uyğun olaraq bu işlərin görülməsi başlıca prinsipdir.
 
 
-  Polisin peşə etikası kodeksi varmı? Əgər varsa, bu necə tənzimlənir?

- DİN-in elə bir əməkdaşı yoxdur ki, etika kodeksi barəsində məlumatlandırılmasın. Həmin kodeks barədə qurumun  rəsmi saytında da məlumatlar yerləşdirilib. Hər bir polis əməkdaşı etik kodeks çərçivəsində fəaliyyət göstərməli və qaydalara uyğun  davranmalıdır.

-  Facebook-un sahibi olan META şirkəti Azərbaycan DİN-nin  troll şəbəkəsini himayə etməsi barədə iddia irəli sürmüşdü. Nazirlik isə bunu təkzib etdi. Bu belədirsə nazirlik nə üçün  imicinə  zərbə ilə  bağlı şirkətə  hər hansı bir müraciət ünvanlamadı?

- Kökündən ortaya atılmış yalnış bir iddia idi. Əgər elə idisə, o troll şəbəkəsini sıradan çıxarmaq nə qədər çətin iş idi? DİN-in buna ehtiyacı yoxdur. Bu məsələ artıq təkzib edilib və bitib.
 
-  Cəmiyyətdə belə bir fikir var ki, müxalifət və müstəqil adamların sosial şəbəkələrdəki profillərinə hücum edən kibercinayətkarlar polislə əlbir çalışır və onların  tapılmamasının səbəbi də məhz budur. Sizcə onlar niyə belə düşünürlər?

- DİN orqanlarından kənarda olsaydım bəlkə mən də buna inanmağa çalışardım. Orada işləyən biri kimi düşünürəm ki, axı buna ehtiyac yoxdur. Əgər hər hansı bir siyasi fəalın profilinə kimsə hücum edibsə qanunuyğun şəkildə tədbir görmək mümkündür. Bunun üçün kifayət qədər imkanlar da var. Bütün hallarda bu məsələni təkzib edirəm. Burada insanın şərəf və ləyaqəti çox önəmlidir. Vətəndaşların şəxsinə aid olan məsələlərə toxunula bilməz. Bəzi məsələlər isə müzakirə predmetinə çevrilməməlidir. 
 
- Sizi facebookda ölümlə hədələdilər və cinayətkar dərhal tapıldı. Amma adamların profilləri oğurlanır, təhdid olunurlar və polisə müraciət etsələr də nəticə olmur. DİN-in kibercinayətkarlıqla  mübarizə işi necə qurulub?

- Vətəndaşın təhdidə hansı formada məruz qalması araşdırılmalıdır. Bəzən ən xırda məsələlər üçün müraciətlər olur. Bütün bunlar vətəndaş münasibətlərinin pozulması çərçivəsində baş verir. Təkcə ötən il 40-dan artıq təhdidlə bağlı müraciətlər araşdırılaraq müvafiq tədbirlər görülüb. Həmin şəxslər barəsində cinayət işi açılıb. Əgər vətəndaşların belə problemləri varsa bununla bağlı mütləq şəkildə məhkəməyə müraciət etsinlər.

- İctimai fəal Bəxtiyar Hacıyevin bu yaxınlarda naməlum şəxslər tərəfindən oğurlanması və  nazir Vilayət Eyvazovla bağlı postlarının sildirilməsi barədə cəmiyyətə məlumat verildi. Yeganə hal idi ki, bununla bağlı  nazir özü Hacıyevi  qəbul edib. Amma cinayətkar hələ də tapılmayıb. Niyə? 

- Hazırda o istiqamətdə istintaq davam edir. Proseslə bağlı Bəxtiyar Hacıyev də məlumatlandırılır. Jurnalist Aytən Məmmədovanın da məsələsi ilə bağlı araşdırmalar davam edir. DİN-in mətbuat xidmətində məlumat olduqca ictimaiyyətə bildirilir. Məndə hazırda bu barədə məlumat yoxdur. 

- Aytən Məmmədovanın başına gələn hadisə fonunda biz jurnalistlər özümüzü necə təhlükəsiz hiss edək?

- Mənim tanıdığım 20 minə yaxın jurnalist var, onların da hər gün mini ilə sorğular, açıqlamalar şəklində  əlaqədə oluruq. Aytən Məmmədovanın başına gələn  xoş hal deyil. İnanıram ki, məsələ ən qısa zamanda araşdırılıb, nəticə barəsində məlumat veriləcək.
 
 
Keçən əsrin 90-ci illərində Türkiyəyə Polis Akademiyasına tələbə göndərirdilər. İndi bu proses davam edirmi?

- Təkcə Türkiyə deyil, bir çox ölkələrə tələbələr təhsil almağa göndərilir. Bununla bağlı DİN-in bir neçə ölkələrlə əməkdaşlıq müqaviləsi də var.

-  Azərbaycanda polis barəsində danışanda bəstəboy və qarınlı insanlar yada düşür. Polislərin fiziki görünüşü ilə bağlı normativlər varmı? Çəki və boy necə olmalıdır?

- Bununla bağlı polis əməkdaşlarının fiziki hazırlığı diqqət mərkəzindədir. Gündəlik idman  məşqləri həyata keçirilir. DİN orqanlarına seçilən şəxslərin xarici görünüşü qənaətbəxş olmalıdır. Boyu 180 sm-dan aşağı olmamalıdır. Dünyagörüşlü, ünsiyyətcil olmaları və digər məsələlər də diqqət mərkəzindədir.

- Razılaşdırılmamış aksiyalar zamanı aksiyaçılarla bərabər jurnalistlərin də təzyiqə məruz qalması halları olur. İndiyə qədər bununla bağlı hər hansı polis cəzalandırılıbmı?

- Razılaşdırılmamış aksiyalar olanda polislər öncədən təlimatlandırılır. Jurnalistlərə toxunmaq olmaz. Amma bizim nümunədə jurnalist öz işini görməkdən çox özünü aksiyaçı kimi aparır. Bəzən fərqləndirici gödəkçələr geyinmirlər.  Əvvəllər bəzi hallarda polis aksiyanın qarşısını alarkən belə hal olub. Polisə tabe olmadığı halda adekvat tədbir görülür. Ümumiyyətlə, polis hər hansı bir tibbi xidmət göstərən və ya baş sığallayan qurum deyil. Əgər jurnalist qanunu pozarsa öncə ona xəbərdarlıq edilir. Artıq DİN-in mətbuat xidməti də 24 saatlıq fəaliyyətə başlayıb. Bütün jurnalistlərin sual və sorğuları vaxtı-vaxtında cavablandırır.

-  Mülki geyimdə olan polisə vətəndaş tabe olmalıdırmı?

 
- İndi şəhərdə onlarla mülki geyimdə olan polis çalışır. Bu insanların təhlükəsizliyi üçündür. Əgər şübhəli hal varsa və mülki geyimdə olan polis vətəndaşa yaxınlaşaraq xidməti vəsiqəsini göstərib vətəndaşı saxlama səbəbini deyirsə vətəndaş da ona tabe olmalıdır.

- İcazəsiz aksiyalar zamanı insanları polis maşınlarına mindirib şəhərdən 60-100 kilometr aralı yerdə düşürürlər. Adamın qayıtmaq pulu olub-olmadığı nəzərə alınmır.  Bu addımlar nə dərəcədə  qanuna uyğundur? 

- Aksiya iştirakçılarının ərazidən uzaqlaşdırılması ilə bağlı indiyə qədər hansısa formada çətinlik yaranmayıb. Sadəcə  aksiya iştirakçıları ilə bağlı ünvan dəyişdirilməsi prosesi həyata keçirilir. Qanunda elə bir norma yoxdur ki, vətəndaşın bir yerdən digər yerə aparılması qadağan olunsun. Bu halın qanunda nəzərdə tutulmaması  o demək deyil ki, bunu etmək olmaz. Arzulamırıq kimsə çətinliyə məruz qalsın və siyasi layihələrin alətinə çevrilsin. İstisnalar var. Bütün hallarda çalışılır ki, proses normal qaydada tənzimlənsin.


 
- Pandemiya dövründə polis vətəndaş münasibətləri, daha sonra  polisin bölmədə həyat yoldaşını öldürməsi insanlarda polisə inamı sanki azaltdı.  Bu istiqamətdə nə kimi tədbirlər görürsünüz?

- İstisnalar ümumi mənzərəni dəyişə bilməz. Məhz həmin polis də son anda peşman olduğunu etiraf edib. Polis cəmiyyətin özüdür. Bu ölkənin həm də vətəndaşıdır. Ona münasibət daha güvənli olmalıdır.
 
-  Bu qədər əməliyyatlar icra olunmasına baxmayaraq "patı bəlası" tükənmir. Bəlkə bunu kimlərsə məqsədli şəkildə yayır?

- Bu istiqamətdə hərtərəfli tədbirlər görülür. Xeyli sayda qanunsuz vasitələr ifşa olunub. İndiki halda dünya təcrübəsi də göstərir ki, bununla mübarizəyə  təkcə orqanlar deyil, həm də sadə vətəndaşlar səfərbər olmalıdır. Bu cəmiyyətin bəlasıdır. Narkotik ilə cinayətkarlıq arasında səbəbli əlaqə var. Həmin əlaqənin qırılması vacib məsələdir.

-  Polis kaademiyasında xanımların oxuması məqsədəuyğun hesab edilmədiyi üçün proses dayandırılıb. Maraqlıdır ki, məqsədəuyğun olmayan çətinliklər hansılardır?

- Bəzi ağır cinayətlərin axtarışında qadınların prosesə cəlb olunması məqsədəuyğun hesab edilmir. Bu həm də mental dəyərdir. Kişilər olan yerdə hər zaman qadınların qorunması arzuolunandır. Hazırda isə DİN-də kifayət qədər xanım polislərimiz müəyyən vəzifələrdə çalışır. Bununla bağlı heç bir qadağalar da yoxdur.

- Gələcəkdə yol polisi vəzifəsinə xanımların cəlb olunması gözlənilə bilərmi?

- Yaxşı nə varsa bunun tətbiq olunması əsas hədəflərimizdən biridir. Xanım əməkdaşların yol polisi xidmətlərinə cəlb olunması çox arzuolunandır. Biz bunu istəyirik. Gələcəkdə post patrul xidmətinə xanım əməkdaşlar çox güman ki, cəlb olunacaq.


 
- Nə qədər İkinci Qarabağ Müharibəsi iştirakçısı DİN orqanlarına qəbul olunub və onların psixoloji durumu necə yoxlanılıb?

- İkinci Qarabağ müharibəsindən sonra 529 Vətən müharibəsi iştirakçısı və 100-dən artıq şəhid ailəsinin üzvü daxili işlər orqanlarında işlə təmin olunub. Onlar bütün müayinələrdən keçdikdən sonra işə alınıblar.

- Cəmiyyətdə belə bir fikir var ki, məmurların qohumları DİN orqanlarında qohumlarının hesabına vəzifə alır. Sizcə bu təsadüfdürmü? 

- Polis olmaq üçün 5 il Polis Akademiyasında oxumalısan. Çətin olan kazarma şəraitindən keçməlisən. Rütbələr heç kimə durduq yerdə verilmir. Adı çəkilən məmur yaxınları hər biri zəhmət çəkmiş oğlanlardır. Yaxşı təhsil və tərbiyə alıblar. Onlar yalnız öz dünyagörüşü və təcrübələrinə görə həmin postlarda oturublar.

- Tovuzda "Nərmin işi"ndə məhkəmədə ittiham olunan şəxs ona Tovuz polis şöbəsi rəisi tərəfindən işgəncə verildiyini bildirib. Sözçü kimi bu barədə fikirləriniz maraqlı olardı.

- O cinayət işininin açılması ali nəzarətə götürülüb. Bakıdan xüsusi olaraq əməliyyat axtarış işləri üzrə mütəxəssislər, hüquq mühafizə orqanları əməkdaşları cəlb edilib. Köklü şəkildə deyirəm ki, polis əməkdaşları tərəfindən hər hansı bir təzyiqə, işgəncəyə məruz qalması halı ola bilməz. Şərh etmək mənə düşməz.

-  Human Rights Watch və Amnesty İnternational təşkilatları Azərbaycanda polis idarələrində xüsusilə, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində insanların işgənclərə məruz qalması faktları ilə bağlı hesabatlar  tərtib edib. Bu fikirlə razısınızmı? 
 
Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi elə bir qurumdur ki,  ora kimsə təsadüfən gəlmir. Gətirilən şübhəli şəxs dəfələrlə yoxlanılıb, araşdırılır ki, bu adamın əməlində cinayət tərkibi var, yoxsa yox. Əməli təsdiqlənən şəxsin işgəncəyə ehtiyacı varmı? Çox ağır iddialardır. Məhkəmə, prokurorluq orqanları var. Qəbul etmirəm. Bütün hesabatlar yanlış hazırlanıb. Bu hesabatlar sadəcə kiminsə siyasi baxışları nəticəsində verdikləri məlumatlar əsasında hazırlanır.


-- Niyə üzr videoları çəkilib ictimailəşdirilir? Bu, nə dərəcədə doğrudur?
 
-- Bəzi vətəndaşların əməlində cinayət və inzibati pozuntu olmayıb. Sadəcə cəmiyyətdən üzr istəmək onların öz istəyi ilə baş verib. Həmin videoların yayılmasında DİN maraqlı deyil.

- "Polis Günü"ndə qurumun sözçüsü kimi polislərə nə demək istəyirsiniz?

- Polislərə sözüm yoxdur. Onlarla hər gün ünsiyyətdə oluram. Vətəndaşlara sözüm var ki, qayda və tələblərə etinasız yanaşmasınlar. Polis cəmiyyətin ayrı bir hissəsi deyil, elə cəmiyyətin özüdür.
 
Gülnar Nazimqızı
Rafiq Şahbazov
 
İSTİQAMƏT:5.3.1. vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu;
Yazı Medianın İnkişafı Agentliyi maliyyə dəstəyi çərçivəsində hazırlanıb.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM