Sahibə Qafarova BƏƏ Prezidenti ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova rəsmi səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşüb.
Azərbaycan Milli Məclisinin sədrini salamlayan Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan, bu səfərin parlamentlər arasında əlaqələrin daha da genişləndirilməsinə töhfə verəcəyinə inamını ifadə edib.
Spiker Sahibə Qafarova göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırıb. Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan onun da salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.
Söhbət zamanı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında siyasi, iqtisadi və digər sahələrdə sıx əməkdaşlığın mövcud olduğu qeyd edilərək, bu əlaqələrin daha da genişləndirilməsi üçün geniş imkanların mövcud olduğu diqqətə çatdırılıb.
Bildirilib ki, ölkə başçıları arasında fəal siyasi dialoq və müntəzəm təmaslar əməkdaşlığın inkişafında çox mühüm rol oynayır. Dövlət başçılarının müəyyən etdiyi strateji istiqamətlərin dövlət qurumları tərəfindən ardıcıl şəkildə reallaşdırılması əlaqələrin müxtəlif sahələr üzrə inkişafına imkan yaradıb və ölkələr arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Görüşdə dövlətlər arasında əməkdaşlığın mühüm bir istiqaməti kimi parlamentlər arasında da əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olunub. Spiker Sahibə Qafarova bu səfərin onun Milli Məclisin sədri kimi Birləşmiş Ərəb Əmirliklərinə ilk səfəri olduğunu bildirərək, səfər çərçivəsində apardığı danışıqlar barədə məlumat verib. O, dünən imzalanan Azərbaycan Respublikası Milli Məclisi ilə Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurası arasında Anlaşma Memorandumunun əhəmiyyətini qeyd edərək, bildirib ki, bu sənəd tərəflər arasında əməkdaşlığın daha da genişlənməsinə imkan verəcək.
Son xəbərlər
Daha çox 