İsrail kəşfiyyatı Bakıda Suriya və Türkiyə ilə danışıqlar aparıb

İsrail Suriya rəsmiləri ilə birbaşa və dolayı danışıqlar aparır, bu barədə İsrailin “12-ci kanal” telekanalı məlumat yayıb.
Məlumata görə, artıq iki danışıqlar raundu keçirilib. Onlardan biri Azərbaycanda baş tutub. Görüşdə İsraili İsrail Müdafiə Ordusunun Əməliyyatlar Baş İdarəsinin rəisi general-mayor Oded Basyuk təmsil edib. Toplantıda Suriya hökuməti və Türkiyə nümayəndələri də iştirak ediblər.
Bundan əlavə, İsrail Suriyanın "İbrahim sazişlərinə" qoşulması məsələsini BƏƏ-nin vasitəçiliyi ilə müzakirə edir.
Ər-Riyadda keçirilən görüş zamanı ABŞ-ın sabiq prezidenti Donald Tramp Suriya prezidenti Əhməd əş-Şaraa-ya bu təşəbbüslə çıxış edib. Daha sonra Air Force One təyyarəsində jurnalistlərə açıqlama verən Tramp deyib: “Mən ona [əş-Şaraa] dedim ki, sabitlik bərpa olunduqdan sonra qoşulmağınızı gözləyirəm. O isə ‘bəli’ dedi. Amma qarşıda hələ çox iş var”.
"12-ci kanal" bildirir ki, İsrail Suriyanın İranın təsir dairəsindən çıxması və ABŞ-la yaxınlaşmasını mümkün pozitiv inkişaf kimi görür. Danışıqlarda Türkiyənin də iştirak etməsi bu prosesin Ankara-Təl-Əviv münasibətlərinə də müsbət təsir göstərə biləcəyini göstərir.
N.Təbrizli