Əli Əsədov Misir Senatının sədri ilə görüşüb

Bu gün Baş nazir Əli Əsədov Azərbaycanda səfərdə olan Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeq ilə görüşüb.Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Azərbaycanla Misir arasında əlaqələrin müxtəlif sahələrdə yüksələn xətt üzrə inkişafından məmnunluq ifadə edilib. Dövlət başçılarının müntəzəm görüşlərinin və müzakirələrinin ikitərəfli münasibətlərin daha da dərinləşməsi və möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin qarşılıqlı səfərlərinin dövlətlərarası münasibətlərin tarixində yeni mərhələnin əsasını qoyduğu vurğulanıb.
Həmçinin parlamentlərarası münasibətlərə toxunulub, ikitərəfli əlaqələrin inkişafında qanunverici orqanların vacib rolu qeyd edilib.
Görüşdə Azərbaycan-Misir qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olunub.