Əliyev: İranla münasibətlər konstruktiv və mehribandır

Azərbaycan Prezidenti İlham Əliyev İranla münasibətlərin konstruktiv xarakter daşıdığını və iki ölkə liderləri arasında yaxşı işgüzar əlaqələrin mövcud olduğunu bildirib.
“Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə dövlət başçısı qeyd edib ki, İran Prezidenti İbrahim Rəisinin Azərbaycana etdiyi səfərlər iki ölkə münasibətlərində əhəmiyyətli rol oynayıb. Onun sözlərinə görə, Prezident Rəisi ilə şəxsi münasibətlər "çox mehriban və işgüzardır".
"Biz eyni dildə danışırıq, tərcüməçiyə ehtiyac yoxdur. O, ictimai tədbirlərin birində Azərbaycan poeziyası ilə bağlı biliklərini nümayiş etdirdi", – deyə Prezident Əliyev bildirib.
Prezident Əliyev, həmçinin İranın Cənubi Qafqazdakı son proseslərlə bağlı rəsmi mövqeyini “əsaslı və müsbət” adlandırıb. O qeyd edib ki, Azərbaycan dövlət siyasətini İranın seçilmiş rəsmilərinin – Prezidentin və Xarici İşlər Nazirliyinin mövqeyi əsasında formalaşdırır.
Dövlət başçısı eyni zamanda bəzi keçmiş iranlı rəsmilərin – müşavir adlanan şəxslərin səsləndirdiyi tənqidi fikirlərin Azərbaycan üçün əhəmiyyət daşımadığını vurğulayıb.
"Bəzi media orqanlarında Azərbaycanın Zəngəzuru işğal edəcəyi, İran-Ermənistan sərhədini kəsəcəyi barədə yayılan şayiələr tamamilə əsassızdır. Bizim belə bir niyyətimiz yoxdur", – Prezident Əliyev əlavə edib.
Onun sözlərinə görə, əgər belə plan mövcud olsaydı, 2020-ci ilin noyabrında və ya sonrakı illərdə bunu həyata keçirmək hərbi baxımdan asan olardı.
Gülnar

