Xəzərin suyu sürətlə kiçilir - Təhlil

Xəzər dənizi sürətlə kiçilir. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80‑ci sessiyasında çıxışı zamanı bildirib.
Prezident vurğulayıb ki, ekoloji fəlakətin gözlənilməz nəticələrinin qarşısını almaq üçün sahilyanı dövlətlərin birlikdə səyləri vacibdir.
“Bu gün vəziyyət daha pisdir. Xəzər dənizi sürətlə kiçilir. Əsas səbəb iqlim dəyişmələri deyil. Azərbaycan həmçinin bu problemin həlli istiqamətində BMT ilə sıx əməkdaşlığa hazırdır., - Əliyev çıxışında bildirib.
Ekoloq Rövşən Abbasov bildirir ki, hər məsələdə iqlim dəyişmələrini günahlandırmaq doğru deyil.
“İqlim dəyişmələrinin təsiri olsa da, əsas səbəb deyil. Əsas səbəb Xəzərə gələn çayların, xüsusən də Volqa çayının kəskin azalmasıdır. Rusiya ərazisində Volqa çayının suyu aşırı şəkildə götürülür və israf edilir. Digər tərəfdən, ölkə ərazisində tikilmiş su anbarlarının sahəsi çoxdur. Burada buxarlanma baş verir. Bu da Xəzər hövzəsinə daxil olan suların miqdarını kəskin şəkildə azaldır. Xəzəryanı dövlətlərin zirvə toplantısında bu məsələ çox kəskin şəkildə qoyulmalıdır. Hansı Xəzəryanı dövlətdən nə qədər su daxil olur və nə qədər daxil olmalıdırsa, razılaşdırılmalıdır. Eyni zamanda, birgə komissiya yaradılmalıdır. Monitorinqlər keçirilməlidir. Monitorinqlər bu ölkələrin ərazisində yerləşsə də, bütün Xəzəryanı ölkələr nəzarət etməlidir. Ən azından, davamlı olaraq monitorinqin nəticələri açıqlanmalıdır. Bu problemlərin həlli kimi, əsas olaraq Volqa, Ural və digər çaylardan su götürülməsinin azaldılmasını və daha effektiv sudan istifadə texnologiyalarından istifadənin artırılmasını məsləhət görürəm. Bununla da Xəzərin suyunun artmasına nail ola bilərik. Dövlətlər razılaşma çərçivəsində öz üzərlərinə öhdəlik götürməlidirlər”, – ekoloq bildirib.
Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri deputat Sadiq Qurbanov da Xəzərdə suyun azalmasına səbəb iqlim dəyişmələrini görmür.
“Xəzər dənizi sürətlə kiçilir. Demək olar ki, son illərdə 5–6 sm azalma olub. Xəzəri qidalandıran həmişə Volqa çayı olub. Volqa çayının özündə suyun azalması, eyni zamanda çaydan digər məqsədlər üçün istifadə olunması onun Xəzərə tökülməsinin azalmasına gətirib çıxarır. Bu da Xəzər dənizinin suyunun çəkilməsinə səbəb olur", - o qeyd edib.
Deputat bunu təbii proses kimi qiymətləndirir.
"Bu təbii prosesdir. Sovetlər dönəmində Xəzərdə su azaldığı zaman layihə olmuşdu ki, İrtış çayı ilə Ob çayının da Volqaya tökülməsi məsələsi sabit saxlanılsın. Sonradan Xəzərin suyunda artım baş verdiyi üçün bu layihə həyata keçirilmədi. Əslində, Xəzərdə suyun azalması daha çox Rusiya tərəfində problemlər yaradır. Rusiyanın hazırkı vəziyyəti bu sahəyə diqqət ayırmağa mane olur. Amma nə olur-olsun, bu insanlığı, bəşəriyyəti əhatə edən məsələdir”, – deputat bildirib.
İqtisadi ekspert Natiq Cəfərli bildirir ki, Rusiyanın siyasəti nəticəsində Xəzər dənizində suyun səviyyəsi azalıb.
“Xəzərin suyunun azalması ekoloji və iqlim dəyişikliyi məsələsi deyil. Bu, Rusiyanın siyasəti nəticəsində baş verir. Çünki Xəzərin ən böyük su donoru Volqa çayıdır. Volqa çayının üzərində qurulmuş saysız-hesabsız elektrik stansiyaları, suvarma kanalları Volqa çayının Xəzərə axıtdığı suyun həcmini xeyli dərəcədə azaldır. Dəfələrlə bununla bağlı Rusiya mətbuatında məqalələr, araşdırmalar dərc olunub.Xəzər dənizi logistik mərkəz rolunu oynayır. Şərq–qərb dəhlizinin əsas mərkəzidir. Həmçinin Azərbaycan Orta Dəhlizin əsas keçid nöqtəsidir. Bu, Bakı limanının işini çətinləşdirir. Aktau limanında ağırtonlu gəmilərin limana yanaşması problemə çevrilə bilər. Xəzərin suyu azaldıqca, limanın dərinliyini nəzərə alaraq liman ərazisini böyütmək məcburiyyəti yaranır. Ona görə də bu, təkcə ekoloji yox, həm də ciddi iqtisadi məsələdir”, – ekspert vurğulayıb.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən anews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2021-2024 cü illərdə Xəzər dənizinin səviyyəsi 96 sm azalıb.
"Səviyyənin aşağı düşməsinə əsas səbəb iqlim dəyişikliyi, bölgədə yağıntıların azalması, yüksək temperatur nəticəsində buxarlanmanın artması, həmçinin Xəzərə tökülən çayların su ehtiyatlarının azalmasıdır. Xüsusilə də, Volqa çayının su balansındakı dəyişikliklər bu prosesdə mühüm rol oynayır. Xəzər dənizinin səviyyəsinin düşməsinin nə vaxtadək davam edəcəyi mövzusunda proqnozlar tam dəqiq deyil — onlar bir sıra ssenarilərə, iqlim modellərinə və antropogen faktorlara bağlıdır", - açıqlamada deyilir.
Qurum bildirir ki, dəniz səviyyəsinin enməsi sahilboyu ekosistemlərə, biomüxtəlifliyə, balıqçılıq təsərrüfatlarına, limanların fəaliyyətinə, nəqliyyat və infrastruktur layihələrinə mənfi təsir göstərir.
"Bu hal həm də region ölkələri üçün iqtisadi və sosial çətinliklər yaradır. Buna görə də gözlənilən risklərin qarşısını almaq üçün birgə fəaliyyət, elmi əsaslı qərarlar və koordinasiyalı tədbirlər zəruridir. Bu məqsədlə Xəzərin iqlim, yağıntı, çay axımı, səviyyə planı Xəzəryanı və Xəzər dənizini qidalandıran su mənbələrinin yerləşdiyi ölkələrlə birlikdə işlənməlidir. Bunun əsasında isə səviyyənin aşağı düşməsi proqnozlaşdırılmalı, nəticəyə əsasən tədbirlər görülməlidir", - açıqlamada vurğulanır.
Elologiya nazirinin müavini Rauf Hacıyev avqustda reutersdə müsahibəsində bildirib ki, Xəzər onilliklərdir kiçilir, lakin məlumatlar prosesin sürətləndiyini göstərir.
"Son beş ildə suyun səviyyəsi 0,93 metr, son 10 ildə 1,5 metr, son 30 ildə isə 2,5 metr azalıb, deyə Hacıyev bildirib ki, indiki azalma tempini ildə 20-30 santimetr təşkil edir.Sahil kənarında geri çəkilmə təbii şəraiti dəyişdirir, iqtisadi aktivliyi pozur və davamlı inkişaf üçün yeni çağırışlar yaradır”, - Azərbaycanı Rusiya ilə apreldə ilk dəfə bu məsələni müzakirə etmək üçün bir araya gələn birgə işçi qrupunda təmsil edən Hacıyev bildirib.
Əhəmiyyətli neft ehtiyatlarına malik Xəzər dənizi əsas neft, qaz və ya hər iki istehsalçı olan beş ölkənin: Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın sahillərini ilə sərhəddir.
İstiqamət: 6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və
digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.
Gülnar Nazimqızı