Azərbaycan Ermənistana yük tranziti məhdudiyyətlərini aradan qaldırıb – Əliyev

Rəsmi Bakı Ermənistana yük tranzitinə dair mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə keçirdiyi mətbuat konfransında bəyan edib.
“Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub”, – Əliyev bildirib.
Dövlət başçısı bu addımı Azərbaycan-Ermənistan münasibətlərində real sülhün əlaməti kimi qiymətləndirib
“Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir", - Əliyev bildirib.
Azərbaycan 2023-cü ilin sentyabrında Qarabağ üzərində tam suverenliyini bərpa etdikdən sonra Bakı və İrəvan arasında sülh sazişi üzrə danışıqlar intensivləşib. Tərəflər, xüsusilə nəqliyyat-kommunikasiya xətlərinin açılması və qarşılıqlı iqtisadi əlaqələrin normallaşdırılması mövzusunda irəliləyişə çalışır.
İlk praktiki addım kimi, Qazaxıstanın taxıl yükü Azərbaycandan Ermənistana tranzitlə daşınıb.
Aytac