Prezident Davosda görüşlər keçirib - Yenilənib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davosda "Carlsberg Group" şirkətinin Baş icraçı direktoru Yakob Aarup-Andersen ilə görüşüb.
Söhbət zamanı tam yerli xammal əsaslı məhsulun buraxılması istiqamətində artıq bir sıra layihələrin həyata keçirildiyi qeyd edilib.
Bu xüsusda İmişlidə pivə istehsalında əsas xammal hesab olunan arpanın emalı müəssisəsinin fəaliyyətinə toxunulub.Gələcəkdə isə qablaşdırma materiallarının istehsalının da tam lokallaşdırılacağı bildirilib.
Yakob Aarup-Andersen "Carlsberg Group"un Azərbaycanda istehsal etdiyi məhsulun ixracının 2025-ci ildə əhəmiyyətli dərəcədə artdığını vurğulayıb.
Görüşdə Azərbaycanda xarici investorlar üçün yaradılmış şəraitdən məmnunluq ifadə olunub.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davosda dünyanın ən böyük liman operatorlarından biri olan “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim ilə görüşüb.
Görüşdə “DP World” şirkətinin Azərbaycanda uğurlu fəaliyyəti məmnunluqla qeyd edilib.
Azərbaycanın mühüm beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyi vurğulanaraq, son dövrlərdə Azərbaycanda müasir nəqliyyat infrastrukturunun qurulması istiqamətində icra edilən layihələrdən bəhs olunub. Bu xüsusda “DP World” şirkəti ilə əməkdaşlığın genişləndirilməsinin potensialının olduğu vurğulanıb.