İlham Əliyev Vuçiçə təbrik məktubu ünvanlayıb
Azərbaycan Prezidenti İlham Əliyev Serbiyanın milli bayramı münasibətilə ölkə Prezidenti Aleksandar Vuçiçə təbrik məktubu ünvanlayıb.
Məktubda Əliyev Serbiya xalqını milli bayram münasibətilə təbrik edərək iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu bildirib.
O qeyd edib ki, qarşılıqlı dəstək və etimada əsaslanan Azərbaycan–Serbiya əlaqələri hərtərəfli inkişaf edir və strateji tərəfdaşlıq möhkəmlənir. Prezident, həmçinin, ali səviyyəli qarşılıqlı səfərlərin və siyasi dialoqun əməkdaşlığın genişlənməsinə töhfə verdiyini vurğulayıb.
Əliyev bu yaxınlarda Davosda Vuçiçlə keçirdiyi görüşü müsbət qiymətləndirdiyini bildirib.
Azərbaycan Prezidenti birgə səylərlə ikitərəfli və çoxtərəfli əməkdaşlığın gələcəkdə də genişlənəcəyinə və strateji tərəfdaşlığın dərinləşəcəyinə əminliyini ifadə edib.