Prezident Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Musiqili Dram Teatrının yenidənqurmadan sonra açılışı münasibətilə kollektivə təbrik ünvanlayıb.
Dövlət başçısının müraciətində bildirilir ki, bir əsrdən artıq tarixə malik teatr Azərbaycan milli səhnə sənətinin ən qədim kollektivlərindən biridir və Dağıstanın mədəni həyatında mühüm rol oynayıb.
Əliyev Rusiya Federasiyası və Dağıstan rəhbərliyinə mədəni-tarixi irsin qorunmasına göstərilən diqqətə görə təşəkkür edib.
Müraciətdə qeyd olunur ki, Rusiyada Azərbaycan dilində fəaliyyət göstərən yeganə dövlət teatrı olan bu mədəniyyət ocağı regionda yaşayan azərbaycanlıların milli və mənəvi dəyərlərinin qorunmasına töhfə verib və müxtəlif tamaşalar vasitəsilə geniş tamaşaçı rəğbəti qazanıb.
Prezident bildirib ki, teatrın fəaliyyətinin bərpası Dağıstanın çoxmədəniyyətli cəmiyyəti və incəsənət ictimaiyyəti üçün əlamətdar hadisədir.
Əliyev əlavə edib ki, Azərbaycan və Dağıstan xalqları arasında tarixi dostluq və qonşuluq əlaqələri mövcuddur və humanitar əməkdaşlıq Azərbaycan-Rusiya münasibətlərinin mühüm tərkib hissəsidir.
Dövlət başçısı teatr kollektivinə yeni yaradıcılıq uğurları arzulayıb.
Son xəbərlər
Daha çox