Premium benzini nə vaxt ucuzlaşacağı açıqlandı

17:15 | 15.12.2014
Premium benzini nə vaxt ucuzlaşacağı açıqlandı

Premium benzini nə vaxt ucuzlaşacağı açıqlandı

ANN.Az Fins.az-a istinadən xəbər verir ki, iyun ayından indiyədək dünya bazarlarında neftin qiyməti təxminən 43% aşağı düşsə də, Azərbaycanda Premium benzinin (Aİ 95) pərakəndə satış qiymətində endirim müşahidə olunmur. Bəs, yaxın günlərdə Azərbaycanda bu yanacağın qiymətinin aşağı düşməsi baş verə bilərmi?

    "BAHA ALDIĞIMIZDAN QİYMƏTİ ENDİRƏ BİLMİRİK”

"Azpetrol” şirkətinin İstehsalat və Monitorinq departamentinin direktoru Seymur Adıgözəlov bildirdi ki, yaxın günlərdə Premium yanacağın qiymətini ucuzlaşdırmağı nəzərdə tutmurlar:

"Düzdür, İyun ayından başlayaraq dünya bazarlarında neftin qiyməti aşağı düşür. Amma biz yanacağı sentyabr ayında alaraq ölkəyə gətirmişik. Həmin vaxt neftin qiyməti o qədər də aşağı düşməmişdi. Yanacağı respublikaya gətirmək asan məsələ olmadığından, biz benzini  5-6 aylıq ehtiyatı nəzərdə tutaraq alırıq.  Hal-hazırda bazarda Premium markalı yanacağa təlabat da aşağı düşüb. Satış təxminən 30% azalıb. Biz növbəti partiyanı gətirmək üçün anbardakı köhnə partiyadan olan yanacağı satıb qurtarmalıyıq. Növbəti partiyanı aldıqda qiymət enməsi ola bilər”.

Seymur Adıgözəlov qeyd etdi ki, İyun ayından Sentyabr ayınadək keçən müddətdə neftin qiymətində baş vermiş ucuzlaşma Azərbaycanda Premium markalı benzinin qiymətində öz əksini tapmışdır.

"Sentyabr partiyasının maya dəyəri ondan  əvvəlki partiyadan ucuz gəldiyi üçün Oktyabrın əvvəlində Premium markalı benzinin qiymətini 2 qəpik aşağı salmışdıq”.

    ƏN TEZİ UCUZLAŞMA MARTDA BAŞ VERƏ BİLƏR

Seymur Adıgözəlov sözlərinə belə davam etdi: "Dünya bazarlarında neft qiymətləri Oktyabr ayının sonundan başlayaraq  kəskin enməyə başlayıb.  Dünya bazarında neftin qiyməti aşağı qalmaqda davam etsə, biz növbəti partiyanı ucuz qiymətə ala bilərik. Növbəti partiyanın alınması vaxtı da, anbardakı malın nə vaxt satılıb qurtaracağından asılıdır. Ən tezi köhnə partiyadan olan benzini gələn ilin Mart ayınadək satıb qurtara bilərik. Növbəti partiyada yanacağı ucuz qiymətə alsaq, respublikada da pərakəndə satış qiymətində endirim edəcəyik. Əgər, Premium markalı benzinin satışı sürətli getsəydi,  ölkəmizdə qiymətlərin aşağı düşməsi daha tez müşahidə olunardı”.

    BENZİNİ YUNANISTANDAN ALIR

Seymur Adıgözəl vurğuladı ki, "Azpetrol” şirkətinin xaricdən idxal etdiyi  Premium markalı yanacaq yüksək keyfiyyətlidir: "Benzini Yunanıstanın "Helenik” neft emalı zavodundan alırıq. Avropada satılan 5 ən yaxşı Premium markalı benzindən birini  bu zavod istehsal edir”.

Qeyd edək ki, Azərbaycana Premium markalı benzin xaricdən gətirildiyindən sərbəst qiymətlə satılır. Aİ 92 markalı və dizel yanacağı isə Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal edilir. Həmin yanacağın qiymətləri Tarif Şurası tərəfindən tənzimlənir.

Premium benzini (Aİ 95)  ölkəyə bu ilin Aprelindən başlayaraq "Azpetrol” və "SOCAR” tərəfindən idxal olunur və pərakəndə satışı aparılır.

Xatırladırıq ki, avqust ayında dünya bazarlarında neftin qiyməti  müvəqqəti olaraq cüzi artdıqda Azərbaycanda şirkətlər 93 qəpiyə satılan Premium benzinin qiymətini  4 qəpik artıraraq 97 qəpiyə qaldırmışdılar. Oktyabr ayının əvvəlində isə dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar olaraq  Premium benzinin satış qiymətinə yenidən baxılmışdı. Belə ki, həmin markalı benzinin əvvəllər 1 litri 97 qəpiyə satılırdısa, artıq oktyabrın 1-dən Premium benzinin qiyməti 2 qəpik aşağı salınaraq 95 qəpiyə satılır. Həmin vaxtdan bugünədək dünya bazarlarında neftin qiyməti kəskin azalsa da Azərbaycanda Premium benzinin qiyməti aşağı düşməyib. Məsələn, qonşu Türkiyədə yanacağın qiymətlərinə son 2 ayda bir neçə dəfə baxılıb və müəyyən endirimlər olunub.

Qeyd edək ki, bu ilin iyun ayından indiyədək neft 43% ucuzlaşaraq təxminən 115 dollardan 63 dollara düşüb.
 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM