“2013-cü ildə keçirilən prezident seçkiləri Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmuşdur”.
“Qafqazinfo” xəbər verir ki, bunu prezident İlham Əliyev “Neurope.eu” informasiya portalına müsahibəsində deyib. İ. Əliyev bildirib ki, bu seçkilər vətəndaşların son 10 ildə ölkəmizdə həyata keçirilən siyasi kursa münasibətini göstərdi: “Son 10 ildə biz Heydər Əliyevin əsasını qoyduğu yolla irəliləmişik və ölkəmiz, cəmiyyətimiz qarşısında qoyduğumuz məqsədlərin reallaşmasına nail olmuşuq. Yəni 10 il öncə qarşıya qoyulan vəzifələr artıq reallığa çevrilib. İqtisadi inkişaf templəri baxımından Azərbaycan dünya liderinə çevrilmişdir. Bu isə ölkəmizi daha da gücləndirmişdir. Düşünülmüş proqramlara əsaslanan məqsədyönlü fəaliyyət nəticəsində son 10 ildə ümumi daxili məhsul 3,4 dəfə, iqtisadiyyatın qeyri-neft sektoru 2,6 dəfə, büdcə gəlirləri 16 dəfə artmış, həmçinin strateji valyuta ehtiyatlarının həcmi 50 milyard ABŞ dollarını keçmişdir. Milli iqtisadiyyata 170 milyard ABŞ dollarından artıq sərmayə yatırılmışdır”.
İ. Əliyev bildirib ki, bu cür sürətli inkişaf vətəndaşların rifahının yüksəlməsinə səbəb olub. Son 10 ildə əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı isə 5,5 dəfə artıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !