Xəzər Rayon Məhkəməsində Prezident Aparatının keçmiş işlər idarəsinin müdiri Akif Muradverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Vəkil Rəşad Mirmehdizadənin APA-ya verdiyi məlumata görə, prosesdə hökm oxunub. Hökmə əsasən, A. Muradverdiyev 4 il müddətinə azadlıqdan məhrum edilib. Vəkil məhkəmə hökmündən apellyasiya şikayəti verəcəklərini də bildirib. Hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, A. Muradverdiyev 2013-cü il iyunun 20-də saat 09:25 dəqiqədə Heydər Əliyev Beynəlxalq Hava Limanından Rusiya Federasiyasına aparmaq məqsədilə külli miqdarda dəyəri olan Çar Rusiyasına aid qədim qızıl pul sikkələrini qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gizli yolla gömrük nəzarətindən keçirib. O, Bakı-Moskva aviareysi ilə Rusiyaya uçmaq üçün Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən keçdikdən dərhal sonra Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Qanunvericiliklə müəyyən edilmiş qaydada hal şahidlərinin iştirakları ilə keçirilən baxış zamanı onun əlində olan çantasından külli miqdarda dəyəri olan - Çar Rusiyasına aid 40 ədəd qədim qızıl pul sikkələri aşkar edilərək götürülüb. Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Akif Muradverdiyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !