Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 17-də Daşkəsəndə yeni avtovağzal kompleksinin açılışında iştirak ediblər. APA-nın məlumatına görə, Daşkəsəndə tikilən yeni avtovağzal ən müasir tələblər səviyyəsindədir. Prezident İlham Əliyev avtovağzalın rəmzi açılışını bildirən lenti kəsib. Dövlət başçısına məlumat verilib ki, müasir memarlıq üslubunda inşa olunan avtovağzalın tikinti sahəsi 500 kvadratmetrdir. Ərazisi bir hektara yaxın olan avtovağzal kompleksinin tikintisinə 2013-cü ilin martında başlanılıb və bu ilin oktyabrında başa çatdırılıb. Qeyd olunub ki, binada sərnişinlərin istirahəti üçün lazımi şərait yaradılıb. Avtovağzalın gözləmə salonunda hər cür imkanlar mövcuddur. Burada ana və uşaq otağı da var. Kompleksdə sərnişinlərin əşyalarının saxlanması üçün kameralar yaradılıb. Dispetçer otağı da yüksək səviyyədə xidmət üçün müvafiq şəraitə malikdir. Daşkəsəndə son illər görülən işlər buraya turistlərin axınını sürətləndirib. Yeni avtovağzalın inşası isə rayona gələn turistlərin də rahatlığını təmin edəcək. Dövlət başçısı müvafiq tövsiyə və tapşırıqlarını verib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !