Prezident çempion şahmatçıları qəbul edib

17:18 | 20.11.2013

Azərbaycan prezidenti İlham Əliyev Varşavada keçirilən kişi şahmatçılar arasında Avropa komanda çempionatında birinci yeri qazanmış seçmə komandamızın üzvlərini və mütəxəssisləri qəbul edib. 

ANN.Az-ın "AzərTac"a istinadən verdiyi məlumata görə, inamlı qələbə münasibətilə şahmatçıları və mütəxəssisləri təbrik edən prezident bu uğurun Avropa şahmat tarixində öz yerini tutacağını vurğulayıb. Dövlət başçısı həmin qələbənin Azərbaycan xalqının istedadı və dərin intellektual potensialına dəlalət etdiyini bildirib.

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərində Azərbaycanda güclü şahmat ənənələrinin bünövrəsini qoyduğunu və ümummilli liderin ölkəmizin bütün bölgələrində şahmatın inkişafına təkan verdiyini deyib. 

Prezident İlham Əliyev kişilərdən ibarət seçmə komandamızın ikinci dəfə şahmat üzrə Avropa çempionu adını qazanmasının mühüm əhəmiyyət kəsb etdiyini və bunun respublikamızın beynəlxalq imicinin daha da möhkəmlənməsinə əsaslı töhfə olduğunu deyib. Dövlət başçısı növbəti şahmat olimpiadası kimi mötəbər yarışın Azərbaycanda keçirilməsi barədə qərarın da ölkəmizin bu sahədə qazandığı ardıcıl uğurların məntiqi nəticəsi olduğunu qeyd edib. 

Avropa çempionu Şəhriyar Məmmədyarov dövlətimizin başçısı ilə hər bir görüşün onlarda ruh yüksəkliyi yaratdığını, şahmatçılarımızı daha böyük qələbələrə ruhlandırdığını bildirib. O, Azərbaycanın şahmat üzrə seçmə komandasının son dörd Avropa çempionatında iki qızıl, bir gümüş və bir bürünc medal qazanmasını bu sahədə aparılan məqsədyönlü dövlət siyasətinin nəticəsi kimi qiymətləndirib. Şəhriyar Məmmədyarov bundan sonra da beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil etmək üçün əllərindən gələni əsirgəməyəcəklərini deyib. 

Şahmatçıları və mütəxəssisləri böyük qələbə münasibətilə bir daha təbrik edən Prezident İlham Əliyev bu nailiyyətdə payı olan Gənclər və İdman Nazirliyinin, həmçinin Azərbaycan Şahmat Federasiyasının mütəxəssislərinin əməyini də xüsusi vurğulayıb. 

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov onlara göstərilən yüksək qayğıya görə şahmatçılar və mütəxəssislər adından minnətdarlığını bildirib. O, Azərbaycanın bütün bölgələrində şahmatın inkişafı üçün dövlət səviyyəsində kompleks işlərin aparıldığını söylədi və şahmatçıların bundan sonra da ölkəmizi layiqincə təmsil edəcəklərinə inamını vurğulayıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM