Prezident: Əsas məqsədimiz qeyri-neft sektorunun inkişafıdır

17:50 | 16.11.2018
Prezident: Əsas məqsədimiz qeyri-neft sektorunun inkişafıdır

Prezident: Əsas məqsədimiz qeyri-neft sektorunun inkişafıdır

Bu ilin 10 ayında ölkəmizin qeyri-neft sənayesi 10 faiz artmışdır. Bu, çox gözəl göstəricidir. Kənd təsərrüfatı 5 faiz artmışdır. Sumqayıt Kimya Sənaye Parkında əlbəttə ki, sənaye müəssisələri fəaliyyət göstərir, ancaq onların bəziləri kənd təsərrüfatına sıx bağlı olan müəssisələrdir, o cümlədən siqaret fabriki. Mən əminəm ki, bu fabrikin fəaliyyəti nəticəsində Azərbaycanda tütünçülüyün inkişafı daha yüksək templərlə gedəcək.

Biz tütünçülüyü bərpa edirik, əgər keçən il 3 min ton quru tütün yığılmışdısa, bu gün artıq 4500 ton yığılıb və 5 min tonu keçəcək. Əlbəttə ki, gələcəkdə bu fabrikdə bizim yerli tütündən daha da böyük həcmdə istifadə olunacaq. Yəni, bu, kənd təsərrüfatına böyük təkan verir.

Anews.az-ın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında tütün məmulatları istehsalı fabrikinin açılışında deyib.

Dövlət başçısı bildirib ki, Sumqayıt Kimya Sənaye Parkında hazırda əyirici boyaq fabrikinin tikintisi davam edir. 

"Bu da xalçaçılığın inkişafına böyük təkan verəcək. Xalçaçılıq indi inkişaf edir, 30 xalça fabrikinin yaradılması nəzərdə tutulur. Xalçaçılığın əsas xammalı yun və ipəkdir. İndi yun tədarükü mərkəzləri yaradılır, baramaçılığa böyük təkan verilib. Şəki ipək kombinatı böyük həcmlə işləyir, fermerlər baramadan böyük gəlir əldə edirlər. Yəni, sənayenin və kənd təsərrüfatının inkişafı paralel şəkildə getməlidir, bir-birini tamamlamalıdır, bir-birinə dəstək verməlidir və biz bunu görürük”. 

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın əsas məqsədi qeyri-neft sektorunu inkişaf etdirmək, idxaldan asılılığı aradan götürmək və qeyri-neft ixracını artırmaqdır:

"Biz burada bunu görürük. Siqaret fabriki tam gücü ilə işləyəndən sonra burada ildə 11 milyard ədəd siqaret istehsal olunacaq. Bu gün verilən məlumata görə, daxili tələbat 14 milyarddır. 

Əminəm ki, bu fabrik idxalı tam əvəzləyəcək. Çünki hazırda yerli istehsal var və gələcəkdə ixrac imkanları da geniş olacaq. Mən istərdim ki, daxili tələbat sıfır səviyyəsində olsun, insanlar siqaret çəkməsinlər, bu pis vərdişdən uzaq olsunlar. 

Əminəm ki, görülən tədbirlər, o cümlədən qanunvericilikdə atılan addımlar nəticəsində biz bu məqsədə çatacağıq. İstərdim ki, bu siqaret fabriki 100 faiz ixrac məhsulları istehsal etsin. Ancaq bu, hələ ki, mümkün deyil. 

Biz vətəndaşları keyfiyyətli yerli siqaretlə təmin etməliyik. Lakin, eyni zamanda, hamı, ilk növbədə, dövlət çalışmalıdır ki, Azərbaycanda siqaret çəkənlərin sayı minimum səviyyəyə ensin. Çünki ixrac bizə əlavə valyuta gətirir, əlavə imkanlar yaradır. O cümlədən ferroərintilər zavodunda istehsal olunacaq məhsulun 90 faizi ixraca gedəcək, 10 faiz isə Azərbaycan müəssisələrində yenidən emal olunaraq hazır məhsula çevriləcəkdir”.

Dövlət başçısı qeyd edib ki, qeyri-neft sektorunun inkişafı, qeyri-neft ixracının artırılması əsas məqsəddir:

"Bu ilin 10 ayında bizim qeyri-neft ixracımız 12 faiz, ümumi ixracımız isə 37 faiz artıbdır. İxrac artdıqca bizim iqtisadi vəziyyətimiz daha da yaxşılaşır. Bu, makroiqtisadi sabitliyə, manatın məzənnəsinə müsbət təsir göstərir. Təsadüfi deyil ki, Azərbaycanda makroiqtisadi sabitlik çox yaxşı səviyyədədir, inflyasiya on ayda cəmi 2,4 faizdir. 

Bu müəssisələrin yaradılması yerli və xarici investorlar üçün növbəti bir siqnaldır ki, gəlsinlər Azərbaycana sərmayə qoysunlar. Bu yaxınlarda Dünya Bankının "Doing Business” hesabatında Azərbaycan deyə bilərəm ki, tarixi nailiyyət əldə edib, dünya miqyasında biznes mühitinə görə 25-ci yerdə qərarlaşıb. Keçən il biz 57-ci yerdə idik. Yəni, belə bir böyük irəliləyiş əlbəttə ki, aparılan islahatların məntiqi nəticəsidir. 

"Doing Business” hər bir yerli və xarici investor üçün əsas amillərdən biridir ki, o ölkəyə pul qoyulsun, yoxsa yox. "Doing Business” hesabatı, belə gözəl müəssisələrin yaradılması, Azərbaycanda ümumi vəziyyət, sabitlik, inkişaf əlbəttə ki, xarici və yerli investorları daha da stimullaşdırır. Təsadüfi deyil ki, son 15 il ərzində ölkə iqtisadiyyatına 250 milyard dollar sərmayə qoyulubdur”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM