ANN.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib. Ekspert hazırda ölkə başçısı tərəfindən Mərkəzi Banka kredit faizlərinin aşağı salınması ilə bağlı verilən tapşırığın əsas zərurətini belə şərh edib:
"MB depozit faizlərinin yüksək olmasını bankların faiz dərəcələrinin yüksək olmasının əsas səbəbləri kimi qruplaşdırır. Hətta MB bank sektoruna inzibati müdaxilə edilərsə, "qara bazarı”ın yarana biləcəyindən ehtiyatlanır. Ancaq reallıq ondan ibarətdir ki, bankların faiz dərəcələri yüksək olaraq qalır. Praktik olaraq faiz dərəcələrini bazar müəyyənləşdirsə belə, nəzərə almaq lazımdır ki, bu bazar heç də faiz dərəcələrinin yüksək olacağını diktə etməməlidir. Faiz dərəcələrinin yüksək olması və kommersiya banklarının real sektoru maliyyələşdirməkdə maraqlı olmaması dəfələrlə cənab prezident tərəfindən tapşırıq kimi MB-nin qarşısına qoyulub. Buna rəğmən təəssüf ki, MB faiz dərəcələrinin aşağı salınmasına nail ola bilməyib. Bunun büdcə sistemi haqqında qanunda öz əksini tapması birmənalı şəkildə ondan xəbər verir ki, problem kifayət qədər ciddidir. Məsələyə prezident tərəfindən qanun səviyyəsində rəy bildirilməsi faiz dərəcələrinin aşağı salınmasının vacibliyini bir daha təsdiq edir. Faiz dərəcələrinin qanunla təsdiq edilməsi 2015-ci ildə bu istiqamətdə addımların atılacağına ümid yaradır”.
Ekspert faiz dərəcələrinin yüksək olmasının əsas səbəbinin kommersiya banklarının qısa müddətdə daha yüksək gəlir etmək istəyindən irəli gəldiyini bildirib:
"Çox təəssüf ki, bu gün kommersiya bankları faiz dərəcələrinin aşağı salınmasına nail ola bilmədiyi və ya nail olmaq istəmədiyindən bu göstərici yüksək qalmaqdadır. Bu aspektdən uçot stavkasının faiz dərəcələri 3.5%, kommersiya banklarında faiz dərəcələri hətta 22 %-dən başlayır. Bu o deməkdir ki, faiz fərqi 16 dəfə çoxdur. Bu, iqtisadi baxımdan normal bir fərq kimi qiymətləndirilə bilməz. Eyni zamanda, bazarda linkvidlik məsələsi də var. Mənfəət normasının yüksək olması kommersiya banklarının daha yüksək faizli kredit tələbatının artmasına gətirib çıxarır. Ən vacib məqamlardan biri isə bank sektorunda depozitlərlə kredit faizi arasında böyük fərq olmasıdır. Hazırda 9%-lik depozit sığortalıdır. Amma kommersiya banklarının təklif etdiyi kredit faizləri bu göstəricidən təxminən 4 dəfə artıqdır. Bu ondan xəbər verir ki, sığorta faiz dərəcələrinin aşağı salınması kommersiya banklarının faiz dərəcələrinin aşağı salınmasına gətirib çıxara bilmədi. Bank sektorunda rəqabətin zəif olması, sektorların zəif liberallaşdırılması praktik olaraq bu gün kredit faizlərinə təsir göstərən əsas faktorlardan biridir. Təəssüf ki, rəqabət - xarici bankların Azərbaycan kommersiya banklarındakı faizi zəif olduğuna görə birmənalı şəkildə bu sektorda kredit faizlərinin yüksək olmasına gətirib çıxarıb”.
V.Bayramov Prezident İlham Əliyevin bu tapşırığından sonra bank sektorunun birmənalı şəkildə liberallaşdırılmasının və rəqabətin gücləndirilməsinin əsas olduğunu bildirib:
"Rəqabət imkan verəcək ki, faiz dərəcələri aşağı salınsın. Qərb, Mərkəzi-Şərqi Avropa ölkələrinin təcrübəsi göstərir ki, bunun əsas yolu məhz rəqabətin müdafiə olunmasıdır. İkincisi, MB bütün mərkəzləşdirilmiş kredit resurslarına çıxış imkanlarını gücləndirməklə kommersiya banklarına daha ucuz resurslardan istifadə imkanı verməlidir. Bu da imkan verəcək ki, daha ucuz vəsaitlər əldə edilsin. Bu isə öz növbəsində kredit faizlərinin aşağı düşməsinə gətirib çıxaracaq. Üçüncüsü, depozitlə kredit faizləri arasında fərqin MB tərəfindən müəyyənləşdirilməsi vacibdir. Sığortalı depozit faizlərinin aşağı salınması ilə bağlı risk təhlilin aparılmasına ehtiyac var. Risk təhlili aparıldıqdan sonra faiz dərəcələrinin aşağı salınması ilə bağlı qərarın qəbul edilməsi məqsədəuyğundur. Eyni zamanda, MB kredit banklarına imkan verməlidir ki, beynəlxalq maliyyə qurumlarının təklif etdiyi daha ucuz kreditlərdən istifadə edə bilsin. Bütün bunlar kommersiya banklarının idarə etdiyi vəsaitlərin ucuzlaşmasına, bu isə kredit faizlərinin aşağı düşməsinə gətirib çıxara bilər”.
Ekspert onu da qeyd etdi ki, əgər 2015-ci ildə MB bu islahatları həyata keçirərsə, bank sektorunda kredit faizlərinin aşağı düşməsi mümkün olacaq:
"Nəzərə alsaq ki, faiz dərəcələrinin aşağı olması ilə bağlı tapşırıq qanunda və artıq ölkə prezidenti tərəfindən imzalanmış fərmanda qeyd olunur. Bu baxımdan məsələnin reallaşacağına ümid bəsləmək olar. İndiki halda güman olunur ki, əgər islahatlar davam etdirilərsə, faiz dərəcələrinin təxminən 4 faiz aşağı düşməsi mümkündür”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !