Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 29-da Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyənin sabiq milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Siyasi məsələlər üzrə ekspert Tural İsmayılov bildirir ki, Azərbaycanla Türkiyə qardaşlıq və müttəfiqlik səviyyəsində olan ölkələrdir.
"İki ölkənin qardaşlığı həm də müxtəlif münasibətlər kontekstində özünü göstərir. Nəzərə almaq lazımdır ki, Hulusi Akar müdafiə naziri olduğu dövrdə Azərbaycan Türkiyə müttəfiqliyi ən yüksək zirvəyə çatıb. Hulusi Akarın müdaifə nazirliyi dövründə Azərbaycan ordusunun Türkiyə modelinə doğru inteqrasiyası prosesi, türkiyəli zabitlərin ölkəmizə gəlib hərbiçilərimizə təlimlər keçməsi, hərbiçilərimizin Türkiyənin müxtəlif müəssiələrində öz təhsillərini davam etdirməsi prosesi baş tutub. Yəni Azərbaycan Türkiyə liderlərinin dostluq, qardaşlıq əlaqələri fonunda Azərbaycan Türkiyə hərbi müttəfiqliyi zirvəyə çatıb ki, bu da məhz Hulusi Akarın Türkiyədə müdafiə naziri olduğu dövrdə baş verib", - İsmaylov bildirib.
O həmçinin bu səfərdən sonra Azərbaycanla Türkiyə arasındakı hərbi münasibətlər sisteminin növbəti mərhələyə keçdiyini bildirib.
"Hesab edirəm ki, Hulusi Akar Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıqla bağlı ayrı-ayrı detallar və fraqmentlər üzrə söhbətlər edəcək, bundan sonra prosesin ortaq şəkildə necə davam etdirilməsi ilə bağlı strateji fikir mübadiləsi aparacaq və bir sıra məsələləri müzakirə edəcək. Əlbəttə görüş gözlənilən idi. Bu yaxınlarda Türkiyənin müdafiə naziri Yaşar Gülər də Azərbaycana səfər edib. Azərbaycan Türkiyə münasibətlərinin bu qədər inkişaf etdiyi dövrdə Türkiyənin indiki və keçmiş nazirlərinin ölkəmizə səfərləri müstəsna əhəmiyyətə malikdir", - ekspert bildirib.
Çiçək Sadatova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !