Prezident İlham Əliyev Lənkəranda səfərdədir-Yenilənib

18:30 | 16.01.2024
Prezident İlham Əliyev Lənkəranda səfərdədir-Yenilənib

Prezident İlham Əliyev Lənkəranda səfərdədir-Yenilənib


Prezident İlham Əliyev yanvarın 16-da Lənkəran regional "ASAN xidmət” mərkəzinin açılışını edib.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəz barədə dövlət başçısına məlumat verib
 
Lənkəran regional "ASAN xidmət” mərkəzi rayonun Qurumba kəndində inşa edilib. Mərkəz üçün ayrılmış iki hektar ərazidə üçmərtəbəli inzibati bina, fəvvarə, yerüstü avtomobil dayanacağı, istirahət və uşaq əyləncə meydançası, "ASAN Kafe” yaradılıb.
Dövlət başçısı Lənkəran regional "ASAN xidmət” mərkəzini işə salıb.

Məlumat verilib ki, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarında qeydiyyatda olan ümumilikdə 500 minə yaxın vətəndaşa xidmət edəcək mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək. Burada 214 əməkdaş və 40 könüllü çalışacaq.

Mərkəz videomüşahidə kameraları, yanğınsöndürmə, mərkəzləşdirilmiş havalandırma sistemləri, "ASAN ödəniş” terminalları, elektron şikayət, elektron rəy sorğusu və Çağrı mərkəzinə zəng köşkləri və müasir avadanlıqlarla təchiz edilib.
Regionda startapların inkişafını təmin etmək məqsədilə burada "INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi də fəaliyyət göstərəcək.

Burada, həmçinin ASAN İnnovativ İnkişaf Mərkəzinin fəaliyyət göstərməsi nəzərdə tutulur. Əsas məqsəd qabaqcıl ASAN təcrübəsini, innovativ və yeni təlim metodlarını tətbiq etməklə ölkəmizdə müxtəlif özəl və dövlət qurumlarında çalışan kadrların peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinə müsbət töhfələr verməkdir.

Fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar "ASAN xidmət” mərkəzlərində innovativ həll təmin edilib. Mərkəzlərdə olan "ASAN növbə” terminallarına "Seçici statusunu yoxla” adlı funksional bölmə əlavə olunub. Vətəndaşlar şəxsiyyət vəsiqələrini qeyd edilən yerdə oxudaraq adlarını seçici siyahısında yoxlaya və hansı seçki məntəqəsində səs verməli olduqlarını öyrənə bilərlər. Həmçinin qeydiyyat üzrə seçki dairəsi və məntəqəsi, səs veriləcək seçki məntəqəsinin ünvanı haqqında məlumatları əldə etmək mümkündür. Bu yeni layihə Mərkəzi Seçki Komissiyası və "ASAN xidmət”in birgə layihəsi çərçivəsində reallaşdırılıb. Eyni zamanda, "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində "ASAN xidmət” tərəfindən həyata keçiriləcək tədbirlərlə bağlı da konseptual plan hazırlanıb. Plana əsasən, bir sıra forum, müsabiqə, hakaton və festivallar təşkil olunacaq.

Dövlət başçısına Lənkəran "ASAN xidmət” mərkəzində tətbiq olunacaq innovativ yeniliklər - İntellektual məhsul ixracı, Etimad Fondu, Dövlət Xidmətlərinin Akselerasiya Mərkəzi, Universal operator, Süni intellekt əsaslı xidmətlər və smart qolbaq barədə məlumat verilib. İşğaldan azad olunmuş ərazilərdə "ASAN xidmət”lə əlaqədar bildirilib ki, mərkəzlərin qurulması üçün Dövlət Agentliyi tərəfindən 7 rayonda təhlillər aparılıb. Təhlillər nəticəsində proqnozlaşdırılan müraciət sayı və əlverişli coğrafi mövqeyə uyğun olaraq Ağdam, Laçın və Cəbrayıl rayonlarında "ASAN xidmət” mərkəzlərinin qurulmasının məqsədəuyğunluğu müəyyənləşdirilib. Eyni zamanda, hazırda Şuşa şəhərində də "ASAN xidmət”in binasının inşası davam etdirilir.

Hazırda ölkədə 26 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Lənkəran "ASAN xidmət” mərkəzi sayca 27-cidir.
ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən vətəndaşlara ümumilikdə 400-ə yaxın, "ASAN kommunal” mərkəzlərində isə "Azərişıq” ASC, "Azərsu” ASC və "Azəriqaz” İB tərəfindən 55 xidmət göstərilir.
Bu il yanvarın 8-dək "ASAN xidmət” mərkəzlərinə 8 milyon 890 mindən çox vətəndaş tərəfindən 70 milyona yaxın müraciət daxil olub. Keçirilən rəy sorğularına əsasən, vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,8 faiz təşkil edir.

Dövlət Agentliyi "ASAN xidmət” modelinin ixracı ilə bağlı 20-dən çox ölkə və beynəlxalq təşkilatla müqavilə imzalayıb.

 18:05
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Lənkəran rayonuna səfər edib.

Dövlət başçısı "Lenk Fruit” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Lənkəran rayonunun Separadi kəndində yeni salınmış sitrus bağında yaradılan şəraitlə tanış olub.

"Lenk Fruit” MMC-nin direktoru Namiq Cəbiyev Prezident İlham Əliyevə yeni sitrus bağı haqqında məlumat verib. Bildirilib ki, bağın ümumi ərazisi 150 hektardır. Burada əsasən Türkiyədən gətirilmiş 141 min ədəd sitrus meyvələri, şaftalı və nektarin ağacı əkilib. Ümumi dəyəri 10,7 milyon manat olan layihə üçün Sahibkarlığın İnkişafı Fondu tərəfindən müəssisəyə 1 milyon manat güzəştli kredit və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 148 min manat faizsiz kredit verilib.

Ən müasir aqrotexniki xidmətlərin göstərildiyi bağda damcı üsulu ilə müasir suvarma şəbəkəsindən istifadə edilir. Bundan başqa, sitrus bağında respublikada ilk dəfə olaraq qış aylarında şaxtanın temperaturunu normal dərəcəyə salan, dəyəri 2,2 milyon ABŞ dolları olan 15 ədəd xüsusi avadanlıq quraşdırılıb. Bir avadanlıq 9 hektar ərazini şaxtadan qoruyur. Növbəti illərdə daha 5 ədəd belə avadanlığın quraşdırılması nəzərdə tutulub.

Hazırda təsərrüfatda 110 hektar sahədə naringi və limon, 20 hektarda şaftalı, 5 hektar sahədə nektarin və 7 hektarda giləmeyvə bağı salınıb. Sitrus əkin sahələrinin məhsuldarlığı hər hektardan 35-40 ton təşkil edəcək ki, bu da yerli növlərlə müqayisədə 2-3 dəfə çoxdur.

2023-2024-cü təsərrüfat ilində 3 min ton məhsul yığılıb və hazırda yığım davam etdirilir. İstehsal olunan meyvələr ölkə bazarlarında satılmaqla yanaşı, Rusiyaya da ixrac edilir. Gələcəkdə təsərrüfatın daha da genişləndirilməsi, o cümlədən dağətəyi ərazilərdə terras əkin sxemləri ilə sitrus sahələrinin yaradılması üçün hazırlıq işləri aparılır.

Hazırda təsərrüfatda 140 nəfər işlə təmin olunub.

 12:42

Prezidenti İlham Əliyev yanvarın 16-da Lənkəranda "Laran” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qənnadı məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


 11:59
 
Prezident İlham Əliyev yanvarın 16-da Lənkəran rayonuna səfər edib. Bu barədə prezidentin rəsmi saytı məlumat verib. 

Dövlət başçısı "Lenk Frut” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Lənkəran rayonunun Separadi kəndində yeni salınmış sitrus bağında yaradılan şəraitlə tanış olub.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM