Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 25-də Moskva şəhərinin meri Sergey Sobyaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın məlumatına görə, dövlət başçısı Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin dinamik şəkildə uğurla inkişaf etdiyini bildirib. Ölkələrimizin həm yüksək səviyyədə, həm də müvafiq strukturlar və nazirliklər səviyyəsində fəal əməkdaşlıq etdiyini deyən prezident İ. Əliyev bu yaxınlarda keçirilən Rusiya-Azərbaycan hökumətlərarası birgə iqtisadi komissiyanın iclasında müzakirə olunan məsələlərin əhəmiyyətini qeyd edib. Moskva şəhəri ilə mövcud olan ənənəvi əlaqələrin önəmini vurğulayan dövlət başçısı son dövrlərdə Rusiya paytaxtında həyata keçirilən geniş yenidənqurma işlərinin böyük maraq doğurduğunu bildirib. Bakı şəhərində də sürətli inkişaf və abadlıq işlərinin həyata keçirildiyini deyən prezident İ. Əliyev paytaxtlarımız arasında təcrübə mübadiləsinin səmərəli olacağını qeyd edib. Azərbaycan prezidenti Moskva şəhəri ilə ticarət-iqtisadi əlaqələrə toxunaraq Rusiya paytaxtına göndəriləcək Azərbaycan məhsullarının həcminin daha da artırılacağına əmin olduğunu deyib. Dövlət başçısı Moskva meri Sergey Sobyaninin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əlaqələrin daha da inkişaf etdirilməsi və ölkəmizlə daha yaxından tanış olmaq işinə xidmət edəcəyinə ümidvar olduğunu vurğulayıb. “Həqiqətən, Moskva şəhəri ilə Azərbaycan arasında dostluq əlaqələri çoxəsrlik tarixə malikdir və olduqca yaxşı haldır ki, bu əlaqələr bu gün də inkişaf etməkdə davam edir”, - deyə S. Sobyanin bildirib. Ticarət dövriyyəsinin artmasının önəmini vurğulayan Moskva meri qeyd edib ki, Azərbaycandan Rusiya paytaxtına göndərilən ərzaq məhsullarının həcmi üç dəfə artıb və bu həcmin daha da genişləndirilməsi üçün yaxşı imkanlar var. Azərbaycan hökuməti ilə Moskva şəhəri arasında imzalanacaq memorandum və əlavə sazişlərdə iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı konkret məsələlərin əks olunduğunu qeyd edən S. Sobyanin bu sənədləri ticarət, iqtisadi əlaqələrimizin yeni səviyyəyə qalxmasının göstəricisi kimi dəyərləndirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !