Prezident sərhədçilərin geyminə dəyişiklik etdi

17:46 | 27.06.2014
Prezident sərhədçilərin geyminə dəyişiklik etdi

Prezident sərhədçilərin geyminə dəyişiklik etdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 yanvar tarixli 15 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə"də və "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri"ndə dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Dəyişikliklərə əsasən, Əsasnamənin maddələrində mətnlərində "sərhəd gözətçi gəmilər dəstəsi" sözləri "sahil mühafizəsi" sözləri ilə əvəz edilir.

"Yay paltarı" bəndinə aşağıdakı məzmunda doqquzuncu və onuncu yarımbəndlər əlavə edilir:

"Beret - yaşıl rəngli (çevik hərəkət bölmələrinin hərbi qulluqçuları üçün).

Yay tuflisi - qara rəngli (ali zabitlər üçün)".

"Qış paltarı" bəndinə isə aşağıdakı məzmunda on üçüncü, on dördüncü və on beşinci yarımbəndlər əlavə edilir:

"Beret - yaşıl rəngli (çevik hərəkət bölmələrinin hərbi qulluqçuları üçün).

Xüsusi istiləşdirilmiş qış gödəkcəsi, kombinezonla - kamuflyaj rəngli.

Qış tuflisi - qara rəngli (ali zabitlər üçün)".

Aşağıdakı məzmunda 33-1-ci hissə əlavə edilir:

"33-1. DSX-nin Akademiyasının dənizçi ixtisasları üzrə təhsil alan kursantlarının geyim formasına aid əşyaların tərkibi və təsviri (şəkil 58-4, 58-5, 58-6, 58-7, 58-8, 58-9, 58-10, 58-11, 58-12, 58-13, 58-14, 58-15) DSX-nin SM-in zabitləri, miçmanları və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının geyim formasının tərkibi və müvafiq əşyalarının təsviri kimidir (bu Əsasnamənin 5-ci fəsli)".

Dəyişikliklərə görə, DSX-nin hüquqşünas profilli hərbi uçot ixtisaslarına malik olan zabitlərinin tikilmə poqonlarında prokurorluğun müvafiq metaldan qızılı rəngli, taxılıb-çıxarılan poqonlarında isə sarı (səhra geyim formasından başqa) və ya qara (səhra geyim forması üçün) rəngli rəsmi emblemi yerləşdirilir. DSX-nin tibb profilli hərbi uçot ixtisaslarına malik olan zabitlərinin tikilmə poqonlarında Ümumdünya Səhiyyə Təşkilatının müvafiq metaldan qızılı rəngli, taxılıb-çıxarılan poqonlarında isə sarı (səhra geyim formasından başqa) və ya qara (səhra geyim forması üçün) rəngli rəsmi emblemi yerləşdirilir.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM