Prezident terrorçunun əlini sıxdı

16:38 | 25.09.2015
Prezident terrorçunun əlini sıxdı

Prezident terrorçunun əlini sıxdı

Kubanın paytaxtı Havanada tarixi görüş baş tutub.

 Kolumbiya prezidenti Xuan Manuel Santosla solçu "FARK" hərəkatının lideri, döyüş ləqəbi "Timoşenko" olan Timoleon Ximenes arasında tarixi razılaşma və əlsıxma olub. Yarım əsrdən çoxdur ki, "FARK" üsyançı-marksist qruplaşması Kolumbiya hakimiyyətinə qarşı vuruşur, lakin 2012-ci ildə Kubada başlayan danışıqlar dünən ilk nəticəsini göstərib. Rəsmi Boqota və partizan hərəkatının nümayəndələri arasında səhra komandirlərinin insan haqlarının pozulmasına görə məsuliyyət daşıması məsələsində razılığa gəlinib. Bu, Kolumbiyada vətəndaş müharibəsində sülhün bərqərar edilməsinin önünü kəsən sonuncu maddə idi. "FARK" liderləri bəyan edirdilər ki, yalnız o halda hakim qarşısına çıxarlar ki, Kolumbiya hərbi qüvvələrinin rəhbərliyi də eyni addımı atsın. 

"Düz 6 aydan sonra biz təkcə Kolumbiyanın deyil, bütün Amerikanın tarixində sonuncu və ən uzun müharibəyə son qoyacağıq." - Kolumbiya prezidenti Xuan Manuel Santos belə deyib. "FARK" lideri Timoleon Ximenes isə bildirib ki, hüquqi məsuliyyətin təkcə bir tərəfin deyil, münaqişənin bütün tərəfləri üzərinə qoyulması ilə bağlı razılaşma əldə edilməsindən razıdır. 

Bu ilin iyulunda "FARK" üsyançıları birtərəfli atəşkəs elan edib və tərəflər əraziləri minadan təmizləməyə başlayıblar. Kolumbiyada "FARK"la sülh sazişi üçün həll edilməmiş yeganə məsələ üsyançıların silahı yerə qoymasıdır. "FARK" 1964-cü ildən bəri Kolumbiya hakimiyyətinə qarşı mübarizə aparır. Bu müddət ərzində 200 mindən çox adam münaqişənin qurbanı olub. 

Kolumbiya hakimiyyəti qruplaşmanı narkotik alverində ittiham edib, ABŞ və Avropa Birliyi isə "FARK"ı terror təşkilatı kimi tanıyıb.//Anspress

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM