Prezident və Birinci xanım Bakıda 20 hektarlıq parkın açılışında (FOTO, YENİLƏNİB)

18:47 | 22.05.2019
Prezident və Birinci xanım Bakıda 20 hektarlıq parkın açılışında (FOTO, YENİLƏNİB)

Prezident və Birinci xanım Bakıda 20 hektarlıq parkın açılışında (FOTO, YENİLƏNİB)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 22-də Bakının Yasamal rayonu ərazisində yerləşən Təzəpir məscidinin qarşısındakı yeni bağın və Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkın açılışında iştirak ediblər. 

Anews.az Prezidentin rəsmi saytına istinadla xəbər verir ki, dövlət başçısına və birinci xanıma görülən işlər barədə məlumat verildi.


Prezident İlham Əliyevin birbaşa göstərişlərinə uyğun olaraq Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən keçmiş "Sovetski” adlanan ərazidə abadlıq və yenidənqurma işlərinə 2013-cü ilin noyabr ayında start verilib və işlər mərhələlərlə icra olunmaqdadır.


Dövlət başçısı və birinci xanım buradan paytaxtın mənzərəsini seyr etdilər.


Yans Hoffmanın layihələndirdiyi Mərkəzi Park: 14 ha yaşıllıq,  9 fəvvarə, 7 meydança


Ərazi orijinal layihə əsasında yüksək səviyyədə abadlaşdırılıb, burada müasir tələblərə uyğun yeni istirahət parkı salınıb.


Avstriyanın məşhur memarı Yans Hoffmanın layihələndirdiyi Mərkəzi Parkın ən mühüm xüsusiyyəti Nəriman Nərimanov prospektindən Heydər Əliyev Sarayınadək olan ərazidə piyadalara yol keçmədən maneəsiz hərəkət imkanının yaradılmasıdır. Layihənin əsas məqsədi şəhərin simasını daha da gözəlləşdirmək, paytaxt sakinlərinin və turistlərin mədəni istirahətinə xidmət etməkdir.


Dövlət başçısına Hüseyn Cavid parkı-Nərimanov prospekti ilə bağlantı yolu və Cavanşir yol ötürücüsünün yerində inşa olunacaq yeni eyni səviyyəli yol qovşağının tikintisi layihəsi barədə də məlumat verildi.


Mərkəzi Parkın ərazisində 2 kafe də fəaliyyət göstərəcək. Bu istirahət məkanında insanların rahat hərəkətini təmin etmək məqsədilə yeraltı və yerüstü piyada keçidləri istifadəyə verilib. Bu keçidlər əsasən avtomobillərin intensiv hərəkət etdiyi Nəriman Nərimanov, Mirzəağa Əliyev və Abdulla Şaiq küçələrinin kəsişmələrində inşa olunub. Ərazidə bütün yaş qruplarından olan insanlar üçün 7 istirahət və oyun meydançası yaradılıb. Ərazidə böyüklər üçün şahmat, nərd və idman qurğuları, balacalar üçün yelləncəklər, futbol meydançası salınıb.


Görülən işlər çərçivəsində Təzəpir məscidinin qarşısındakı bağdan məscidə əlavə giriş imkanı da olacaq. Həmçinin Füzuli meydanı ətrafındakı ərazi yenidən qurulub, burada əhalinin təhlükəsiz hərəkəti üçün piyada keçidinə yeni giriş yaradılıb. Parkın ərazisində ümumilikdə 9 fəvvarə tikilib. İstirahət parkında müasir işıqlandırma sistemi və infrastrukturun bir mərkəzdən idarə olunması üçün təhlükəsizlik kameraları quraşdırılıb.


2100-dən çox 19 növ ağac və 137 mindən artıq gül 


Ərazisi 20 hektar olan parkın 14 hektarında yaşıllıq salınıb. Burada 2100-dən çox 19 növ ağac və 137 mindən artıq gül və kol bitkiləri əkilib. Parkın yaşıllaşdırma işləri aparılarkən flora və iqlim mühiti təhlil edilərək əraziyə uyğun bitki və ağaclara üstünlük verilib. Mərkəzi Parkın yaşıllaşdırma konsepsiyasında ilin bütün fəsilləri nəzərə alınıb. Parkda yaşıllıqları suvarmaq üçün müasir sistemlərə uyğun olaraq 6,5 kilometrdən çox sahədə damcılama üsulu tətbiq edilib. Bundan başqa, Mərkəzi Parkın ərazisində drenaj xətlər də çəkilib. Ümumilikdə Mərkəzi Parkın inşası ilə Füzuli meydanının ətraf ərazilərində Bakının "ağciyəri” hesab olunan yeni yaşıllıq zolağı salınmaqla Prezident İlham Əliyevin "Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanının ətrafındakı yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı bəzi tədbirlər haqqında” 2016-cı il 4 avqust tarixli, "Təzəpir məscidi kompleksinin ətraf ərazisinin abadlaşdırılması ilə əlaqədar tədbirlər haqqında” 2016-cı il 5 avqust tarixli sərəncamlarının icrası olaraq, "Təzəpir məscidi kompleksini ziyarət edənlər üçün parklama imkanlarının yaradılması işləri” layihəsinin II mərhələsi tam yekunlaşdırılıb, vətəndaşlarımızın istirahəti və dincəlməsi üçün istifadəyə verilib.


Ərazinin abadlaşdırılması zamanı burada XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakıya Şollar su kəmərinin çəkilişi ilə əlaqədar şəhərin müxtəlif məhəllələrində tikilən və yerli sakinlər arasında "Qüllə” kimi tanınan su qüllələri və quyuları aşkarlanaraq bərpa edilib. Həmin su quyularından bu istirahət məkanında aparılan suvarma işlərində istifadə olunur.


347 yerlik yeraltı avtomobil dayanacağı


Parkın ərazisində Mirzəağa Əliyev küçəsi və Təzəpir məscidi arasında müasir standartlara cavab verən 347 yerlik yeraltı avtomobil dayanacağı tikilib. Dayanacaq təbii havalandırma, müasir işıqlandırma, təhlükəsizlik kameraları ilə təchiz edilib.


Prezident İlham Əliyev görüləcək işlərlə bağlı müvafiq tapşırıqlarını verdi.


Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli abidəsinin önündə sakinlərlə görüşüb söhbət etdilər.


Dövlətimizin başçısı və xanımı vətəndaşların problemləri ilə tanış oldular. Bildirildi ki, sakinlərin müraciət etdiyi problemlərlə bağlı məsələlər yaxın zamanda operativ şəkildə həll olunacaq.


Sonda xatirə şəkli çəkdirildi.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb