Noyabrın 7-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində "Qızlar gimnaziyası” tarixi abidə binasında həyata keçiriləcək işlərlə tanış olublar.
Dövlət başçısına və birinci xanıma tarixi abidə barədə məlumat verilib.
Şuşada müstəqil qız məktəbi 1875-ci il oktyabrın 26-da Şuşa əhalisinin təşkil etdiyi "Xeyriyyə cəmiyyəti” tərəfindən təsis olunub. Dini etiqadından və mənşəyindən asılı olmayaraq, bütün qızlara burada təhsil almaq imkanı yaradılmışdı. Tədris planına rus dili, hesab, ana dilində oxuma, yazma, hüsnxət, rəsm, rəsmxət, ümumi coğrafiya, tarix, ölkəşünaslıq daxil idi. Eyni zamanda, məktəbdə milli mahnılar öyrədilir, təbiət, tarix və fizikadan dərs verilirdi. Məktəbdə təhsil ödənişli olsa da, kasıb ailələrin övladları təhsil haqqından azad idilər. Əlavə təhsil haqqı verənlərə fransız və alman dilləri də tədris edilir, musiqi öyrədilib.
Qızların rus dilində təhsilinə diqqəti artırmaq və xərcin bir qismini xəzinədən ödəmək şərti ilə Şuşa qız məktəbi 1894-cü ildə Şuşa Marinski qız məktəbi adını aldı və dördsinifli məktəbə çevrildi. Məktəb 120 şagirdlə fəaliyyətə başladı. Artıq 1895-1896-cı tədris ilində burada 147 qız təhsil alırdı. Bu məktəbin təşkili azərbaycanlı qızların da rus dilində təhsilinə şərait yaratmışdı. Şuşa Marinski qız məktəbi qadınların təhsili sahəsində, azərbaycanlı qızların dünyəvi təhsil almasında mühüm rol oynayıb. 1894-cü ildə Şuşada iki şəxsi qız məktəbinin əsasında Müqəddəs Mariya qız məktəbi yaradılmış, bununla da azərbaycanlı qızların Avropa təhsilinə yolları açıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !