Prezidentin ailə üzvləri sərgidə - FOTO

09:27 | 28.12.2013
Prezidentin ailə üzvləri sərgidə - FOTO

Prezidentin ailə üzvləri sərgidə - FOTO

Leyla Əliyevanın “Portağal ağacı”, “Qafqaz bəbiri”, “Zaman” və digər əsərləri “Bakıya uçuş. Müasir Azərbaycan İncəsənəti” sərgisində

Heydər Əliyev mərkəzində “Bakıya uçuş. Müasir Azərbaycan İncəsənəti” sərgisi açılıb. Tədbir Heydər Əliyev Fondu və “Baku” jurnalının birgə təşkilatçılığı ilə təşkil olunub.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, “Baku” jurnalının təsisçisi və baş redaktoru, “Bakıya uçuş” layihəsinin ideya müəllifi Leyla Əliyeva sərginin açılış mərasimində iştirak edib.

“Bakıya uçuş. Müasir Azərbaycan İncəsənəti” sərgisi Azərbaycanın müasir incəsənətini dünyada tanıtmaq baxımından mühüm əhəmiyyətə malikdir. Sərgidə nümayiş olunan əsərlərin hər biri orijinallığı ilə diqqəti cəlb edir.Bir-birindən fərqli, avanqard ideyaların hakim kəsildiyi bu sənət əsərləri müasir Azərbaycan incəsənətinin özünəməxsusluğundan xəbər verir.

Belə sərgilərin gələcəkdə də təşkil olunacağını deyən Leyla Əliyeva gənc rəssamların layihələrinin bundan sonra da dəstəklənəcəyini bildirib. Layihənin ideya müəllifi vurğuladı ki, sərgi Azərbaycanın müasir rəssamlarının əsərlərini dünyada nümayiş etdirmək baxımından gözəl fürsət olub.

Sərgidə Azərbaycanın rəngkarlıq, heykəltəraşlıq, instalyasiya, video-art, performans və foto janrlarında işləyən 21 rəssamının 100-dən artıq əsəri nümayiş etdirilir. Onların arasında Heydər Əliyev Fondunun vitse-prezidenti, layihənin ideya müəllifi Leyla Əliyevanın əsərləri böyük maraq doğurur. Leyla Əliyevanın “Portağal ağacı”, “Qafqaz bəbiri”, “Zaman” və digər əsərləri orijinallığı ilə seçilir.

Tanınmış rəssam Altay Sadıqzadənin, gənc fırça ustası Aida Mahmudovanın və digərlərinin əsərlərinin təqdim olunduğu bu layihə tamaşaçılara Azərbaycanın yeni yaranan və böyük perspektiv vəd edən müasir incəsənətinin zənginliyini tam dəyərləndirmək imkanı verir.

Heydər Əliyev Fondunun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlər sırasında xüsusi əhəmiyyəti olan bu sərgi ilk dəfə 2012-ci ilin yanvarında Londonda açılıb. İki il ərzində Paris, Berlin, Moskva, Roma və Vyanada təşkil edilən sərgi yerli sakinlərin böyük marağına səbəb olub.

“Bakıya uçuş. Müasir Azərbaycan İncəsənəti” yekun sərgisi 2014-cü il martın 1-dək davam edəcək.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM