Prezidentin oğlunun öldüyü təyyarə qəzasının səbəbi bilinmir

11:34 | 19.11.2013
Prezidentin oğlunun öldüyü təyyarə qəzasının səbəbi bilinmir

Prezidentin oğlunun öldüyü təyyarə qəzasının səbəbi bilinmir

Təyyarənin “qara qutu”su Moskvaya göndərilib.

"Yeni Müsavat"ın məlumatına görə, Kazan hava limanına eniş edərkən qəzaya uğrayan “Boeing 737-500" təyyarəsinin ”qara qutu"su tapılıb. “Qara qutu” təyyarənin yerə çırpılması nəticəsində yaranan çalada aşkarlanıb. “Qara qutu”dakı qeydlərin araşdırılması üçün cihaz Moskvaya göndərilib.

Təyyarə qəzası nəticəsində ekipajın bütün üzvləri və sərnişinlər də daxil olmaqla, 50 nəfər - 44 sərnişin və 6 heyət üzvü həlak olub. Qəza qurbanları arasında bir sıra tanınmış şəxslər də var. Belə ki, Tatarıstan prezidentinin böyük oğlu İrek Minnixanovla yanaşı, Rusiya FTX-nin Tatarıstan üzrə səlahiyyətli təmsilçisi Aleksandr Antonov və Rusiyanın tanınmış televizya şərhçisi Roman Skvartsovun həyat yoldaşı Ellina Skvartsova əvvəlki ərindən olan qızıyla həlak olanlar sırasındadır. Verilən məlumata görə, Tatarıstan prezidentinin 24 yaşlı oğlu İrek Minnixanov bu yay 25 yaşlı Fransa vətəndaşı Antoniya Qişar ilə evlənibmiş.

Hələlik “Boeing 737-500" təyyarəsinin qəzaya uğramasının səbəbləri məlum deyil. Ancaq Rusiya hüquq-mühafizə orqanları beş əsas versiya üzərində dayansalar da, rəsmi açıqlamalarda terror ehtimalı birmənalı şəkildə istisna olunur. Hələlik istintaq qrupu əsasən uyğunsuz hava şəraiti, pilotların eniş zamanı təhlükəsizlik qaydalarına riayət etməməsi, texniki nasazlıq və s. üzərində dayanırlar. Ancaq pilotların iki dəfə endirməyə cəhd göstərdikləri bu təyyarənin qəzaya uğramasının əsl səbəbinin yalnız ”qara qutu"dakı məlumatların araşdırılmasından sonra aydınlaşacağı gözlənilir. Çünki bu məsələ ilə bağlı məlumatlar ziddiyyətlidir. Belə ki, bəzi şahidlər təyyarənin yağışın islatdığı qarın üzərinə enməli olduğunu iddia etsələr də, rəsmilər eniş zolağının həmin vaxt quru olduğunu vurğulayırlar.

Rusiyanın təcrübəli pilotlarının verdiyi ilkin rəylərdə isə təyyarə qəzasının məhz pilotların eniş zamanı buraxdıqları kobud səhvlər qabardılır. Onların fikrincə, pilotların ikinci dəfə enmə dövrəsi vurmaq məcburiyyəti ilk cəhddə səhvlərdən qaynaqlanan problemlərin ola biləcəyini iddia etməyə əsas verir. Eyni zamanda təyyarənin eniş zolağına toxunaraq parçalanması texniki nasazlığın əlaməti kimi dəyərləndirilir. Və bu halda da texniki nasazlıq barədə vaxtında məlumat verməyən pilotlar günahkar hesab edilir. Təyyarə qəzasına  keyfiyyətsiz yanacağın səbəb ola biləcəyi də istisna deyil. 

Digər maraqlı məqam isə  qəzaya uğramış “Boeing 737-500" təyyarəsinin köhnə olmasıyla bağlıdır. Belə ki, verilən məlumatlara görə, həmin təyyarə buna qədər Bolqarıstan Hava Yolları Şirkətinin istismarında olub. Və Bolqarıstanda da bir neçə dəfə nasazlıq ucbatından qəzaya uğramaq təhlükəsi ilə üzləşib. Hətta 2001-ci ildə bu təyyarənin sol şassisi Braziliya hava limanına eniş zamanı sınıbmış. Tatarıstan Hava Yolları Şirkəti isə həmin təyyarəni köhnə olması səbəbindən daha ucuz olduğundan bolqar həmkarlarından icarəyə götürüb. Sonralar həmin təyyarədə bir neçə dəfə nasazlıq aşkarlandığından Tatarıstan şırkəti hələ 2012-ci ildə bu yararsız ”Boeing"i istismardan çıxarmaq qərarı verib. Ancaq nədənsə bu qərarın icrası qeyri-müəyyən müddətə təxirə salınıb. Beləliklə, ilk uçuşunu hələ 1990-cı ildə reallaşdırmış, hətta Uqandada belə istifadə edilmiş bu "Boeing 737-500" təyyarəsinin sonu 23 ildən sonra faciə ilə yekunlaşmış oldu. 

Tatarıstanın sığorta şirkəti tərəfindən həlak olanların ailələrinin hər birisinə bir milyon rubl həcmində kompensasiya ödənməsi qərarlaşdırılıb. Qəzaya uğramış təyyarənin isə 9 milyon dollar məbləğndə sığorta edildiyi bildirilir. 

Bəzi ekspertlərin fikrincə, bu aviaqəza Rusiya hava yolları şirkətlərinin reytinqinə mənfi təsir göstərəcək. Çünki Rusiya şirkətlərinə məxsus təyyarələrin qəzaya uğraması digər ölkələrə nisbətən daha tez-tez baş verməkdədir. Həm də Rusiyada baş verən aviaqəzalarda həlak olanların sayı da maksimuma çatır. Hesab edilir ki, Rusiyada bu sahə üzrə xilasetmə sistemi də yarıtmaz vəziyyətdədir. Bu baxımdan, baş verən faciə Rusiyanın aviaşirkətlərinin onsuz da aşağı olan beynəlxalq imicinə növbəti sarsıdıcı zərbə kimi dəyərləndirilir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM