Bu gün Fransanın paytaxtı Parisdə Azərbaycan və Ermənistan prezidentləri - İlham Əliyev və Serj Sərkisyan arasında növbəti görüş olacaq. Fransa prezidenti Fransua Ollandın aylardır davam edən təşəbbüskarlığının nəticəsi olaraq reallaşacaq bu təmas 2014-cü il ildə sayca üçüncü olacaq.ANN.Az muavat.com-a istinadən xəbər verir ki, bundan əvvəl prezidentlər sentyabrda - NATO-nun Uels sammiti çərçivəsində ABŞ dövlət katibi Con Kerrinin, ondan öncə - avqustda isə Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Soçidə bir araya gəlmişdilər.Görüş ərəfəsi “Frans press” agentliyi Fransa prezidentinin dəftərxanasına istinadən Azərbaycan və Ermənistan prezidentləri arasında gözənilən Qarabağ danışıqlarının vaxtı və yeri barədə məlumatı yayıb. Məlumata əsasən, prezidentlər İlham Əliyev və Serj Sərkisyan fransalı həmkarları Fransua Ollandın vasitəçiliyi ilə oktyabrın 27-də görüşəcəklər. “Görüşün məqsədi iki ay əvvəl qeyd alınmış gərginlikdən sonra tərəflər arasında Qarabağ münaqişəsinin nizamlanmasına dair dialoqa kömək etməkdir” - deyə açıqlamada bildirilir.Ollandın İlham Əliyev və Serj Sərkisyanla ayrıca görüşləri nəzərdə tutulub. Daha sonra danışıqlar üçtərəfli formatda davam edəcək. Bunun ardınca isə prezidentlər İlham Əliyev və Serj Sərkisyan Minsk Qrupunun həmsədrləri ilə görüşəcəklər. Gözlənilir ki, Yelisey sarayında prezidentlərin şərəfinə rəsmi şam yeməyi də təşkil olunacaq və orada üç dövlət başçısı Qafqazın gələcəyinə dair daha geniş mövzu ətrafında diskussiyalar aparacaqlar.Bəs Fransa zirvəsi bu il üçün sonuncu olacaq, yoxsa davamı gələcək? Suala birmənalı cavab vermək hələ ki, çətindir. Çünki müzakirələrin nəticələrinə ciddi neqativ təsir göstərə biləcək amillər öz aktuallığını saxlayır. Məsələn, görüşə bir neçə gün qalmış Ermənistan rəsmilərinin, ələlxüsus Serj Sərkisyanən davakar ritorikası özünü qabarıq şəkildə göstərməkdədir. Tamamilə mümkündür ki, bu, həm də üç gün qabaq İrəvanda müxalifətin Sərkisyanın istefası tələbi ilə başladığı kütləvi etiraz aksiyaları ilə bağlıdır. Yəni Sərkisyan Qarabağ ritorikasını sərtləşdirməyə sadəcə, məhkumdur. Maraqlıdır ki, mitinqdə Rusiya əleyhinə heç bir şüar səslənməyib, əksinə, Ermənistanın Avrasiya İttifaqına qoşulması təbii qarşılanıb. Hətta müxalifət liderlərindən olan sabiq prezident Levon Ter-Petrosyan Ermənistanın Avrasiya İttifaqı tərkibində də inkişafını mümkün hesab elədiyini söyləyib. Bu amil etirazlarda “Rusiya izi”nin mövcudluğu barədə qənaətləri gücləndirir. Rusiyalı ekspertlər də bu arada verdikləri şərhlərdə görüşdə real nəticə ola biləcəyi ilə bağlı bədbin fikirlər səsləndiriblər. Bu, əslində elə Kremlin mövqeyi və marağıdır. Rusiya məhz Qərb paytaxtlarının birində Qarabağ ixtilafına dair ciddi irəliləyiş əldə olunmasını istəmir. Fransa diplomatik mənbələri isə Əliyev-Sərkisyan görüşündə uğur olması üçün rəsmi Parisin əlindən gələni edəcəyini bildirib. Bəzi bilgilərə görə, söhbət həll prinsiplərinin əks olunduğu birgə bəyanatdan gedir. Öz növbəsində Fransanın Ermənistandakı səfiri Reno Arni mətbuata açıqlamasında həmin prinsipləri belə sıralayıb: “ərazi bütövlüyü, millətlərin öz müqəddəratını təyin etmə hüququ və gücdən qarşılıqlı şəkidə imtina”. Yəni əslində amerikalı həmsədr Ceyms Uorlikin da irəli sürdüyü məlum 6 bəndlik təklifdə əksini tapan prinsiplərdən söhbət gedir. Belə görünür, Qərb tərəflər arasında nəhayət ki, hansısa yazılı sənədi (öhdəlikləri) qəbul etdirməklə prosesi həm təhlükəli dalandan çıxarmaq, həm də Rusiyanı fakt qarşısında qoyub, onun münaqişəyə təsir imkanlarını azaltmaq niyyətindədir. Buna nail ola biləcəkmi, Rusiya imkan verəcəkmi, nəhayət, Azərbaycanın özü “müqəddəratını təyin etmə” prinsipinin də yer aldığı və faktiki, separatçı rejimin münaqişə tərəfi kimi rəsmən tanındığı hansısa sənədə qol qoyacaqmı? Yəqin ki, çox gözləmək lazım gəlməyəcək. Bu yerdə mühüm bir detalı da qeyd edək ki, Kəlbəcərdə saxlanılan azərbaycanlı mülki girovlar - Dilqəm Əhmədov və Şahbaz Quliyev üzərində qondarma “DQR” rejimi tərəfindən “məhkəmə” də eyni günə - oktyabrın 27-ə təyin edilib. Azərbaycan prezidenti isə Minsk Qrupunun həmsədrlik edən ölkələrin rəhbərləri də daxil olmaqla beynəlxalq ictimaiyyəti işğal altındakı yurdlarına baş çəkərkən tutulmuş bu günahsız insanların azad edilməsinə səy göstərməyə çağırıb.Siyasi şərhçilərin əksəriyyəti erməni tərəfin qondarma “məhkəmə”ni məhz prezidentlərin Paris görüşü ilə eyni günə təyin etməsini qızışdırıcı təxribat sayır. Böyük ehtimalla, bu məsələ Yelisey sarayında uyğun bir məqamda diqqət mərkəzinə gətiriləcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !