Azərbaycanın bank sistemindəki vəziyyət qeyri-müəyyən olaraq davam etməkdədir. Mərkəzi Bankın nizamnamə kapitalını yerinə yetirmədiyinə görə kommersiya banklarının lisenziyasının ləğv edilməsi ilə bağlı hələ 2014-cü ilin sonunda qəbul etdiyi qərar icra olunmasa da, bankların əksəriyyətinin müflisləşmə təhlükəsi olduqca yüksəkdir. Gün keçdikcə müxtəlif bankların şöbə və filiallarının bağlanması adi hala çevrilib.
Mərkəzi Bank isə hələ də seyrçi mövqeyindən geri çəkilmir. Çünki bu bankın qəbul etdiyi cüzi qərarlar ağır problemlərin fonunda nəzərə çarpmır. Digər tərəfdən, bank onsuz da əhali arasında sarsılan inamı daha da itirmək qorxusu ilə üz-üzədir.
21 fevral devalvasiyasından sonra geri dönüşü olmayan kreditlərin həcminin artması, faiz dərəcələrinin çox yüksək olması bir kənara, hazırda vətəndaşlar kommersiya banklarına qoyduqları depozitləri geri çəkə bilmirlər. Ekspertlərin rəyinə görə, kommersiya bankları əmanətlərin 30 faizindən çoxunu xərcləyib və geri qaytara bilmir.
İqtisadçı Natiq Cəfərov Modern.az saytına deyib ki, bu gün həqiqətən də depozitlərin geri çəkilməsi problemi yaşanır:
"Fevral devalvasiyasından sonra banklarda ciddi təlatümlər başladı. Onsuz da yetərincə problemləri olan banklar daha da çətin duruma düşdü. Devalvasiyadan sonra bankların xaricdən aldıqları ucuz kreditlərin geri qaytarılmasında yaranan problemlər bank sisteminə ciddi təsir göstərdi. Təsirlər dalğavari davam etməkdədir.
Əslində bu cür problemin yaranacağı ehtimalı əvvəldən çox yüksək idi. Çünki devalvasiyadan sonra kommersiya banklarında olan problemlər kəskin xarakter almışdı. Hökumət isə bu problemlərin həlli üçün hər hansı proqram hazırlamadı”.
Natiq Cəfərli bildirib ki, Mərkəzi Bankın əmanətlərlə bağlı qərarı belə əsaslı dönüş yarada bilmədi:
"Bank əvvəllər cəlb olunan əmanətlərin 10 faizinə qədərini kreditləşmə və digər əməliyyatlarda istifadə edə bilərdi. Əmanətlərlə bağlı müəyyən dəyişikliklərdən sonra Mərkəzi Bank bu qaydaları yumşaltdı. Bununla da çox ağır durumda olan banklara nəfəslik açdığını düşündü.
Bankların vəziyyəti ağırlaşdıqca, qoyulan qaydalara belə əməl edilmir. Daha çox qaydaları pozmağa meylli olurlar ki, düşdükləri durumdan çıxa bilsinlər. Bu, gələcəkdə ciddi problemlər yaşanmasına səbəb olacaq. Problemli kreditlərin həcmi, bankların dayanıqlılığı hər gün getdikcə artır. İzləyici indikatorlara cavab verən beynəlxalq şirkətlər Azərbaycan banklarının vəziyyəti haqqında bədin proqnozlar verməkdə davam edir.
Bu gedişlə, ən yaxşı halda iri banklar kiçik bankları özünə birləşdirəcək və ölkədə bankların sayı xeyli azalacaq. İri banklar kiçik bankların problemlərini də öz üzərinə götürəcək və əmanətçilər qarşısında cavabdehlik daşıyacaqlar”.
Ekspert ilin sonuna qədər problemli kreditlərin həcminin artacağını vurğulayıb:
"Yanvar ayının 1-nə qədər problemli kreditlərin həcmi cəmi 900 milyon manat idisə, sentyabr ayının 1-də problemli kreditlərin həcmi1, 6 milyard olub. Problemli kreditlərin həcmi az qala iki dəfə artıb. Bu da əsasən valyuta ilə götürülən kreditlərlə bağlıdır. Digər problem iş yerlərinin və gəlirlərin azalmasıdır. Proqnozlara görə, problemli kreditlərin həcmi 2015-ci ilin sonunadək 2 milyarda çatacaq”.
Mütəxəssisin fikrincə, problemin digər səbəbkarı elə vətəndaş özüdür:
"Ölkədə Dövlət Sığorta Agentliyi fəaliyyət göstərir. Əsas məsələ budur ki, vətəndaş öz əmanətini sığortalamaqdan imtina edir. Bir çox hallarda müqavilə şərtlərini oxumadan ora imza atırlar. Sığorta şərtlərində göstərilir ki, həcmi 30 min manat olan əmanətlər sığortalana bilər. Manatla qoyulan depozitlər 12 faizdən çox olmamalıdır. Bu kriteriyalara görə qoyulan əmanətlərdə heç bir problem olmur. Çünki burada dövlət təminatı əsas götürülür. İstər büdcə, istərsə də Sığorta Fondu hesabına bu əmanətlər qaytarılacaq.
Əmanətləri sığortalanmayan vətəndaşlar öz əmanətlərini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalacaqlar. Ona görə də bankla müqavilə bağlayarkən mütləq müqavilə şərtlərinə diqqət yetirilməlidir.
Problemi olan vətəndaşın yeganə yolu məhkəməyə müraciət etməkdir. Məhkəmə vətəndaşın əmanətini dəyərləndirdikdən sonra banka daxil olan daşınar-daşınmaz əmlakın satılaraq əmanətçinin əmanətinin geri qaytarılması ilə bağlı qərar verə bilər”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !