Məşhur reperin anasının ayağı amputasiya edildi - VİDEO

11:39 | 23.11.2021
Məşhur reperin anasının ayağı amputasiya edildi - VİDEO

Məşhur reperin anasının ayağı amputasiya edildi - VİDEO

Güclü külək səbəbindən  baş verən ağac qırılması nəticəsində Bakının Yasamal rayonu sakini  Pərvanə İsaqova ayağından xəsarət alıb. O, xəstəxanaya çatdırılsa da ayağını xilas etmək mümkün olmayıb. Həkimlər onun ayağını amputasiya ediblər. Bu barədə xanımın oğlu, tanınmış  reper  Pərviz İsaqov( PRoMete)  sosial şəbəkə üzərindən bildirib. 

Reper anews.az-a açıqlamasında Yasamal rayon prokurorluğuna  və Baş Prokurorluğa şikayət ərizəsi ilə müraciət edib. 

"Külək başlamamış Yasamalın, Mirəli Seyidov küçəsində yaşayan anam zibil atmaq üçün həyətə düşüb. Geri qayıdarkən görüb ki, "besetka"da qonşu qadınlar oturub. Yaxınlaşıb onlarla söhbət etməyə başlayıb. Bir neçə dəqiqədən sonra güclü külək əsməyə başlayıb və anam qonşularla birgə qərar verib ki, evə qayıtsınlar. Olduqları yerdən çıxarkən yekə quru bir ağac anamın üstünə aşıb və çox ciddi bir zədə alıb. O qədər ciddi bir zədədir ki, Dövlət Təhlükəsizlik Xidmətinin klinikasında anamın ayağını amputasiya etdilər.

Hadisə baş verdikdən bir neçə saat sonra hansısa qurum, gəlib ağacın qalıqlarını kökündən kəsib aparıblar. Hadisənin üzərindən haradasa 10 gündən çox vaxt keçib. Anam şükür olsun ki, yaxşıdır. Ev şəraitində, həkim nəzarətindədir. Bu qədər vaxt keçməsinə baxmayaraq, hər hansı bir hüquq-mühafizə orqanı, hadisədə məsuliyyətli olan bir qurum bizimlə əlaqə saxlayaraq anamın səhhəti ilə maraqlanmayıblar. Mən anlayıram ki, onlar fikirləşirlər mümkün qədər səssiz durduqca, hadisənin üstündən bir müddət keçəcək və izlər sovuşacaq. Hər hansı atılmış addım və ya olunmuş zəng mənim anamın ayağını geri qaytarmayacaq. Amma eyni zamanda anlamaq və bilmək lazımdır ki, anamın ayağını itirməsinə səbəb olan ağac barəsində həmin ərazidə, Yasamal rayon sakinləri aidiyyəti qurumlara dəfələrlə məlumat bildiriblər. Heç bir addım atılmayıb.

Həmin gün anamla o ərazidə daha 3 nəfər olub ki, onlardan biri 2 yaşlı uşaqdır. Xoşbəxtlikdən digər 2 şəxsə heç nə olmayıb. Amma anamın ayağı kəsilib. Mən təxmin edirəm ki, hansı qurumun səhlənkarlığı ucbatından bu hadisə baş verib. Əminəm ki, prokurorluq bu barədə dəqiq qərar verəcək. Hazırda Yasamal Rayon Prokurorluğuna və Baş Prokurorluğa hadisə ilə bağlı şikayət etmişəm. Əminəm ki, səhlənkarlıqları ucbatından ayağını itirmiş anamın taleyi başqa sakinlərin qisməti olmayacaq", -  deyə reper bildirib. 
 
Baş Prokurorluğun mətbuat xidmətindən isə  bildirdilər ki, vətəndaş Pərviz İsaqovun anası Pərvanə İsaqovanın 10.11.2021-ci il tarixdə Yasamal rayonu, Mirəli Seyidov küçəsi 60 ünvanın yaxınlığında olarkən ağacın küləkliyin təsirindən qırılaraq üzərinə düşməsi və sonuncunun aldığı xəsarətlər nəticəsində sol ayağının amputasiya edilməsi barədə müraciəti əsasında Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.

Ləman Qasımova


 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM