ANN.Az xəbər verir ki, politoloq Ərəstun Oruclu Putinin dünənki mətbuat konfransındakı çıxışı barədə müşahidələrini bölüşüb:
"İlk olaraq onu qeyd etmək istərdim ki, Rusiya prezidenti əvvəlki mətbuat konfranslarında olduğu kimi özünə inamlı görünmürdü və əvvəlki şou xarakterli mətbuat konfranslarından fərqli olaraq, bu, bir növ cəmiyyətə, müxalifətə, mediaya, beynəlxalq aləmə ünvanlanmış çoxsaylı mesajlardan ibarət bir qətiyyətsiz praqmatik müraciət idi.
Putin hər bir kəlməsini süzgəcdən keçirib dilə gətirir, kəskin ifadələrdən istifadə etmirdi. Ümumilikdə ölkədəki duruma görə cavabdeh olduğunu deməklə yanaşı, eyni zamanda da ölkənin iqtisadiyyatında, xarici siyasətində baş verən uğursuzluqlara görə məsuliyyəti məharətlə üzərindən atmağa cəhd edirdi. Mərkəzi Bankın, hökumətin ünvanına sətiraltı tənqidlər yönəltsə də, beynəlxalq aləmə və dünya güclərinə gəldikdə, prezident öz ənənəsindən kənara çıxaraq, mövzudan yayınmağa çalışırdı. Amma bu ünvanlara da yönələn xeyli mesajlar vardı. Əvvəla, Putin bildirməklə ki, "Bizi Krıma görə deyil, suveren siyasətimizə görə sıxırlar" deməklə, Putin faktiki olaraq, Ukraynadakı hərbi cinayətlərə görə məsuliyyəti üzərindən atmağa çalışır və həm ölkənin daxilində, həm də xaricində yanlış rəy yaratmağa cəhd edirdi.
Ukraynalı jurnalistin sərt sualına da Putinin cavabı eyni tonda idi. Görünür mətbuat konfransı ərəfəsində xarici işlər naziri Sergey Lavrovun Fransa telekanalına müsahibəsi zamanı Ukrayna ilə bağlı pozitiv tonda mesajları da bu mövqeyə işarə idi. Neftin qiymətinin ucuzlaşması ilə bağlı da danışarkən Putin İranı, Venesuelanı da xatırlayaraq, yenə də bu məsələdə də başlıca səbəbin onun Ukrayna siyasəti olmadığını önə çəkməyə çalışdı. Digər tərəfdən isə prezident müəyyən mənada kompromislərə getməyin mümkün olduğunu da nəzərə çatdırırdı. Məsələn, Rusiyada nüfuzuna görə Putindən sonra ikinci şəxs sayılan İqor Seçinin əməkhaqqısının həcmi ilə (istisna deyil ki, sifarişli) suala cavab verərkən, prezident onun hətta xarici menecerlə əvəz edilə biləcəyinə işarə etdi. Görünür, Putin BP-nin icraçı direktoru təyin edilmiş amerikalı Robert Dadli variantına bənzər model ətrafında müzakirələrin mümkünlüyünə eyham vururdu. Bundan başqa, Putin həm də Qərblə əməkdaşlığa dair nüvə təhlükəsizliyi, terrorla mübarizə, təbabət və bir neçə digər prioritet istiqamətin gündəlikdə qaldığını bir daha xüsusi vurğuladı.
İqtisadiyyatla və onun perspektivlərilə bağlı prezidentin açıqlamaları yetərincə səthi və qeyri-müəyyən olmaqla yanaşı, böhrandan çıxma müddətinin də minimum (3 ay) və maksimum (2 il) zamanı arasındakı böyük fərq gösrərir ki, yaxın illərdə da Rusiyanın ən ciddi problemi iqtisadiyyatın inkişafı və diversifikasiyası (eynilə Azərbaycandakı kimi) olacaq. Putinin ölkənin iqtisadi inkişafı ilə bağlı konkret islahatlar proqramının olmaması açıq görünürdü. İqtisadiyyatla bağlı bütün cavablarında durumun ağır olduğunu inkar eləməyən (bəzən isə hətta onları kataklizmlər adlandıran) Putin vəziyytdən çıxış yolunu da aydın göstərə bilmədi. Belə nəticəyə də gəlmək olar ki, Putin həm ölkənin daxilinə, həm də xaricinə belə mesajlar verməklə özünün hakimiyyətin daxilindəki ağır durumunu cəmiyyətdən və beynəlxalq aləmdən dəstək almaqla aradan qaldırmağın mümkünlüyünə işarə edirdi və məhz bu məqsədlə də yumşaq, xeyli dərəcədə diplomatik ton seçmişdi. Bugünkü Putin əvvəlkindən fərqli olaraq, yaxın zamanlarda danışıqlara hazır olacaq Putinə oxşayırdı... İstisna deyil ki, bu ton həm də ABŞ prezidenti Barak Obamanın Konqresin Ukraynaya hərbi yardıma icazə verən qanununa imza atmağı ləngitməsinə cavab idi. Odur ki, yaxın aylarda Qərb-Rusiya münasibətlərinin açıq konfrontasiya müstəvisindən tədricən dialoq müstəvisinə keçə biləcəyi də istisna olunmur. MDB ölkələrilə münasibətlərə də prezidentin xüsusi diqqət ayırmaması və daha çox Şanxay Əməkdaşlıq Təşkilatının perspektivləri haqqında danışması da maraqlı məqamlardandır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !