Publika.az xəbər verir ki, Rusiya NATO-nun Şərqi Avropada fəallaşmağına qarşı bu gün Belarusla birgə "Qərb-2017” hərbi təlimlərinə başlayır. Ssenarisi məxfi saxlanılan təlimlər Qərbdə ciddi narahatlıq yaradıb. Lakin NATO-nun Gürcüstanda arxa-arxaya keçirdiyi təlimlər də Rusiyanı qıcıqlandırır. İki cəbhə arasında hərbi qarşıdurma getdikcə şiddətlənir.
Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimovla NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavelin Bakıda qapalı görüşü də məhz bu gərginliyə həsr olunmuşdu. Görüşdə müzakirə edilənlər açıqlanmasa da, tərəflərin razılığa gəldiyini demək çətindir. Rəsmi informasiyada qeyd olunur ki, Rusiya Bakıda NATO-ya "Qərb 2017” təlimlərinin təcavüzkar xarakter daşımadığını izah edib. Şimal Alyansının bu izahdan nə qədər razı qalıb-qalmadığını deyə bilmərik, lakin 10 min əsgərin iştirakı ilə 14-20 sentyabr tarixində keçiriləcək "Qərb-2017” təlimlərinin hədəfi aydındır: Qərbə əzələ nümayişi və rus sərhədlərinə toplanmış NATO qüvvələrinə qarşı "hücum həmləsi”.
Nazarbayev ordunu ayağa qaldırdı
Moskvanın Qərblə boğuşduğu bir vaxtda eyni ittifaqlarda təmsil olunduğu Qazaxıstanın ordunu ayağa qaldırması "nə baş verir” sualını aktuallaşdırır.
Qazaxıstanın "Karatau 2017” adının verdiyi təlimlər qəfil başladı və ordunun poliqonlara yeridilməsində bir sıra məqamlar diqqət çəkir.
1. Təlimlərə Rusiya və Belarusun birgə "Qərb-2017” təliminin başlanmasına bir neçə gün qalmış start verildi.
2. Təlimlər Qazaxıstanın bütün ərazisində, o cümlədən, cənub-şərq bölgəsində - Rusiya sərhədlərinə yaxın ərazidə keçirilir.
3. Qazaxıstan ilk dəfədir bu qədər böyük həcmli təlimlər keçirir.
Qazaxıstanın Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərə 10 min əsgər, 1,5 min hərbi texnika, 40-dan çox təyyarə və helikopter, həmçinin, Xəzərdə hərbi donanma qatılıb.
İki məqam və müəmmalı suallar
Maraqlıdır ki, təlimlərə Qazaxıstanın üzvü olduğu heç bir ittifaqı dəvət etməyib, həmçinin, heç bir müttəfiqinə məlumat verməyib. Burada müəyyən versiyalar mövcuddur:
- Rusiya Belarusla birgə hərbi təlim keçirdiyi vaxtda ordunu ayağa qaldıran Qazaxıstan Moskvaya öz müstəqil siyasətini nümayiş etdirir.
- Bu təlimlərin Ərdoğanın Astana səfəri ərəfəsində başlaması ehtimal etməyə imkan verir ki, Qazaxıstan Türkiyənin şərq strategiyasını izləyir.
Lakin burada ABŞ-ın barmağı ola bilərmi? Rusiya hərbi elmlər akademiyasının müxbir üzvü, polkovnik Eduard Rodyukov bu fikirlə razılaşmır və "Qazaxıstanın NATO-nun təsirinə düşərək, şərqdə Rusiyaya qarşı hansısa hücuma hazırlaşdığını söyləmək cəfəngiyyatdır” deyə bildirib. Onun fikrincə, Qazaxıstan sadəcə öz ordusunun çevikliyini yoxlayır və döyüş hazırlığını artırır.
Hərbi ekspert, general-leytenant Yuri Netkaçev isə bildirir ki, Qazaxıstanın Rusiya ilə hərbi əməkdaşlıqdan uzaqlaşdırmaq tendensiyası çoxdan mövcuddur: "Astana Suriyaya sülhməramlı qüvvələri göndərməklə bağlı Moskva və Ankaranın təklifini qəbul etmədi, lakin eyni zamanda, NATO-nun himayəsi altında "mavi kaskalılarla” birlikdə hərəkət etmək arzusunu qeyd etdi. Onu da xatırlatmalıyam ki, bu ilin yayında ABŞ və NATO üzvü olan digər ölkələrin iştirakı ilə Almatıda İliyski tədris poliqonunda "Çöl qartalı – 2017” təlimləri keçirildi və bu təlimlərə Rusiya dəvət edilməmişdi. Bundan əvvəl isə Qazaxıstan prezidentinin qızı Dariqa Nazarbayeva NATO-nun Mərkəzi Asiya və Qafqaz üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayla görüşdə bildirdi ki, onun ölkəsi Şimal Alyansının qabaqcıl təcrübəsini öyrənir. Yaxın vaxtlarda Vaşinqtonda Qazaxıstanla ABŞ arasında hərbi əməkdaşlıqla bağlı növbəti beşillik plan imzalandı. Lakin yenə də mən bütün bunlarda faciə görmürəm, çünki bu ölkə Rusiyanın tamhüquqlu tərəfdaşıdır”.
Putinin cavab atəşi
Bəlkə də qazax ordusunun poliqona yürüməsi sıradan təlim xarakteri daşıyır. Lakin Rusiya sərhədləri yaxınlığında da keçirilən təlimlərə Moskvanın cavab addımı Astana-Kreml xəttində görünməyən proseslərin baş verdiyi ehtimalını gücləndirir. Rusiya Silahlı Qüvvələrinin Cənub hərbi dairəsinin mətbuat xidməti, polkovnik Vadim Astafyev iki gün öncə bildirdi ki, Qazaxıstan sərhədi yaxınlığındakı Prudboy poliqonunda hərbi təlimlər keçiriləcək və bu təlimlərdə Volqoqrad motoatıcı birləşmə iştirak edəcək.
Təlimlərə 2 min əsgər və 500 hərbi texnika qatılacaq. Həmçinin, 49-cu ümumqoşun birləşməsi də qazax sərhədinə doğru hərəkətə keçib, təbii ki, təlimlərdə iştirak məqsədilə...
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !