Fransanın “Total” neft-qaz şirkətinin prezidenti Kristof de Marjerinin ölümü ilə nəticələnən təyyarə qəzasına dair çox ciddi müəmma ortaya çıxıb.
Virtualaz.org saytı xəbər verir ki, bu müəmma qəzanın əslində xüsusi xidmət orqanları tərəfindən təşkil edilmiş sui-qəsd olduğu barədəki konspiroloji nəzəriyyələri gücləndirib.
Kristof de Marjeri oktyabrın 21-dən “Falcon” tipli özəl təyyarədə Moskvadan Parisə uçmaq istəyərkən təyyarə Vnukovo aeroportunda qəfildən uçuş-enmə zolağına çıxan qartəmizləyən maşınla toqquşub və partlayıb. “Total”prezidenti və təyyarənin heyəti həlak olub.
Kristof de Marjeri ilə vida mərasimi oktyabrın 27-də Parisin Sen-Syulpis kilsəsində keçirilib. Mərasimə Fransa prezidenti Fransua Olland, Qətər əmiri, Marjerinin yaxın dostu Tamim bin Hamad əl-Tani, neft bossları və s. qatılıblar. Dəfn bu gün Normandiyada olub.
“The Daily Mail” qəzeti qəzanı araşdırmaq üçün Moskvaya göndərilən fransalı müstəntiqdən sitat gətirir və bildirir ki, müstəntiq indiyədək məlum olmayan bəzi detalları danışıb.
Fransanın mülki aviasiya sahəsində araşdırma və Analiz Bürosunun təmsilçisi olan Fransua Xoşar bildirib ki, qəzaya dair “yeni sirli məlumatlar” meydana çıxıb.
“Pilotlar bir neçə dəfə yoxlayıblar, həmin məqamda uçuş-enmə zolağı boş olub. Təyyarənin yerindən start götürməsindən 14 saniyə sonra pilotlardan biri deyib: “Bu nə maşındır uçuş-enmə zolağına girdi?” (...)
Biz bilirik ki, qartəmizləyən maşın dispetçer qülləsindən icazə almadan uçuş-enmə zolağına daxil olub. Təyyarə zolaqda görünən anda tamamilə qeyri-müəyyən səbəblərdən maşın bu dəfə arxaya hərəkət edərək yenidən uçuş-enmə zolağına girib” - deyə Fransua Xoşar bildirib.
“The Daily Mail” qeyd edir ki, bu məlumatlar Vnukovo aeroportundakı qəza ətrafında konspiroloji nəzəriyyələri qızışdırır.
Qeyd edək ki, Kristof de Marjeri Rusiya prezidenti Vladimir Putinlə sıx münasibətlərdə olub. O, Putinin dostu Gennadi Timçenko ilə ortaq idi və Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların əleyhinə çıxırdı. Bu sanksiyalara baxmayaraq “Total” şirkəti Rusiyadakı biznesini dayandırmaq və zəiflətmək niyyətində deyildi.
Həmçinin Kristof de Marjeri Fransanın “Mistral” vertolyotdaşıyan gəmilərinin Rusiyaya satılması işində əsas lobbiçilərdən olub.
“Total” prezidentinin ölümünə səbəb olan qəzanın sui-qəsd ola biləcəyinə dair hələlik dəlillər olmasa da Qərb və Rusiya mediası da Marjerinin Putinlə münasibətlərinə geniş yer ayırıb.
Toqquşmaya səbəb olan qartəmizləyən maşının sürücüsünün hadisə zamanı sərxoş olduğu deyilir. Sürücü isə ifadəsində uçuş-enmə zolağına istiqaməti itirərək daxil olduğunu, həmin an təyyarəni görmədiyini deyib.
ANN.Az