“Mən Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirəm. İstəmirəm ki, orada Dnestryanı, Dağlıq Qarabağ kimi partlayış təhlükəsi daşıyan hansısa “dondurulmuş” bir münaqişə olsun”.APA-nın məlumatına görə, bunu “Euronews”a müsahibəsində Belarus prezidenti Aleksandr Lukaşenko deyib. O bildirib ki, Belarus Ukraynanın parçalanmasını istəmir və “Novorossiya” adlandırılan məfhumu qəbul etmir. Donetsk və Luqanskda yaradılmış separatçı rejimləri tanıyıb-tanımayacağı barədə suala cavab verən A. Lukaşenko qeyd edib ki, Belarus tamam başqa mövqedən çıxış edir: “Yox, bizim mövqeyimiz fərqlidir. Biz Ukrayna dövlətinin parçalanmasını istəmirik. Burda bəziləri deyir ki, Krım vaxtilə “yanlışlıqla” Ukraynaya keçib və ora əslində rus torpağıdır. Bu, səhv yanaşmadır. Onda gəlin Batı xanın vaxtına, monqol-tatar istilası zamanlarına qayıdaq. Onda Rusiyanın, Şərqi və Qərbi Avropa torpaqlarının böyük hissəsini Qazaxıstana, Monqolustana vermək lazımdır. Nəyə görə çoxdan baş vermiş hadisələrə geri qayıdaq? Şəxsən mən bir insan və Belarus prezidenti kimi bunu istəmirəm. Ukrayna bizim qonşumuzdur və yaxınlıqda münaqişənin olmasını istəmirik”.
ANN.Az