Vladimir Putin ictimai-siyasi vəziyyəti sabitləşənə kimi Ukrayna ərazisində Rusiya Silahlı Qüvvələrindən istifadəyə icazə vermək üçün Federasiya Şurasına müraciət edib.
Müraciətdə bildirilir ki, Ukraynada son dərəcə ağır vəziyyət yaranıb: “Bu vəziyyət Ukraynada yaşayan soydaşlarımız, həmçinin Krım Muxtar Respublikasında dislokasiya olunmuş Rusiya Silahlı Qüvvələrinin hərbi kontingentinin şəxsi heyəti üçün təhlükə törədir. Bu səbəbdən Federasiya Şurasından ictimai-siyasi vəziyyət normallaşana kimi Ukraynada Silahlı Qüvvələrimizdən istifadəyə icazə vermək barədə müraciət edirəm”
Xatırladaq ki, bundan əvvəl Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Krımda vəziyyəti stabilləşdirmək üçün Ukraynaya hərbi kontingent yeridiləcəyini istisna etməmişdi.
Politoloq Xaləddin İbrahimli ANN.Az-a açıqlamasında mövcud qərarı Rusiyanın növbəti bəhanəsi adlandırıb.X.İbrahimli bildirib ki, Rusiyanın əsas gətirdiyi arqumentlər beynəlxalq hüquqda keçərli deyil: “Bu rusların ənənəvi bəhanəsidir. Həmin məntiqə görə türkdilli əhalinin təhlükəsizliyini qorumaq üçün Türkiyə də Krıma qoşun yeritməlidir. Yaxud rusdilli əhalinin heç bir ölkədə yaşamasına icazə vermək olmaz, çünki sabah Rusiya "rusdilli əhalinin təhlükəsizliyini qorumaq üçün" ora da qoşun yeridə bilər. Yəni, absurd mühakimədir və beynəlxalq hüquqda belə arqumentlər işləmir”SeymurANN.Az