“Qadının stadionda nə işi var?”

20:02 | 19.06.2015
“Qadının stadionda nə işi var?”

“Qadının stadionda nə işi var?”

İranda mühafizəkarlar qadınların stadionlara buraxılmasından hiddətlənib.

Hökumət məhdud sayda qadının idman oyunlarına azarkeşlik etməsinə icazə verib.

Sərt dini qaydaların tərəfdarları Tehrandakı İdman Nazirliyinin qarşısında etiraz aksiyası keçiriblər.

Hazırda İran qadınlarının kişi yarışları keçirilən stadionlara gəlməsi qadağandır.

Lakin bu ayın əvvəllərində İranın qadın və ailə məsələləri üzrə vise-prezidenti Şahinduxt Molaverdi "Associated Press” agentliyinə bildirib ki, bu qadağan qismən ləğv ediləcək və qadınların kişilər arasında keçirilən volleybol, basketbol və tennis kimi yarışlarına tamaşa etmələrinə icazə veriləcək.

Amma digər tərəfdən İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli bəyanat verib ki, qadınların stadionlara gəlişi ilə bağlı qaydalara heç bir düzəliş edilməyib.

İranın islahatpərəst "Şərq” qəzetinin Tvitter səhifəsində yazdığına görə Tehranda 17 iyun etiraz aksiyasında iştirak edənlər vitse-prezident Molaverdinin istefasını tələb ediblər.

İRNA agentliyi bildirib ki, sayları 100-dən az olan aksiyaçılar sonradan İdman Nazirliyinin qarşısında namaz qılıblar.

Bu hadisə İranda özünü mötədil elan etmiş prezident Ruhani hökuməti ilə ölkədə sərt qanun-qaydaların yumşaldılmasını istəməyən mühasfizəkar qüvvələr arasında gedən mübarizəni bir daha gündəmə gətirib.

Keçmişlərdə İran qadınlarına kişilərin volleybol yarışlarına stadionlarda tamaşa etmək icazəsi verilmişdi. Lakin ötən ildən bəri onların belə yarışları seyr etmələri qadağan olunub.

Bu qadağaya 2014-cü ildə etiraz edən qadınların aksiyası polis tərəfindən dağıdılmışdı. Bu etirazçlılardan biri olan İran-Britaniya fəalı Qönçə Qəvami həbs edilmiş və bir il müddətinə azadlıqdan məhrum olunmuşdu.

Q.Qəvami 5 ay dəmir barmaqlıqlar arxasında keçirdikdən sonra azad edilib. Ötən apreldə məhkəmə ona qarşı ittihama xitam verib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM