Qanun pozuntusuna qanunu pozaraq cavab vermək olmaz - ŞƏRH

18:13 | 02.12.2021
Qanun pozuntusuna qanunu pozaraq cavab vermək olmaz - ŞƏRH

Qanun pozuntusuna qanunu pozaraq cavab vermək olmaz - ŞƏRH

Qanun pozuntusu edən şəxslərə   qarşı qanunu pozaraq tədbir görülməsi özü bir hüquqi məsuliyyət yaradır, bunu anews.az-a açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin İnsan Hüquqları Komitəsinin üzvü, hakim Yeni Azərbaycan Partiyasını parlamentdə təmsil edən millət vəkili  Hikmət Məmmədov bildirib.

"Azərbaycan hüquqi dövlətdir. Baş verən bütün ictimai hadisələr hüquq çərçivəsində nizamlanmalıdır. Ona görə də hər şeydən öncə aksiyanın qanunu şəkildə keçirilməsi zəruridir. Ölkədə keçirilən aksiyalar icazəli olmalıdır və aidiyyatı qurumlarla razılaşdırılmalıdır. Bütün demokratik ölkələrdə belədir. Əgər hər hansı bir qeyri qanuni aksiya keçirilibsə o artıq qanun pozuntusudur, amma bu heç də o demək deyil ki, qanun pozuntusuna qanunu pozaraq cavab vermək və ya qanunu pozanlara zor tətbiq etmək lazımdır. Bu yolverilməzdir. Əgər qanun pozulursa hüquqi məsuliyyət yaranır və onların cəzası qanunla tənzimlənir. Baş vermiş hadisə ilə əlaqədar Azərbaycan hüquq mühafizə orqanları müvafiq araşdırmalar aparacaq və ictimaiyyəti məlumatlandıracaqlar. Azərbaycan qələbə qazanmış ölkədir. Bu zəfəri qəbul etməyən, həzm etməyənlər var. Bu və ya digər formatda müxtəlif təxribatlara əl atmağa çalışırlar. Təxribata cəhd edən qüvvələr var. Kimsə hər hansı qeyri-qanuni çağırışa uyub qeyri qanunu aksiya keçirməməlidir. Eyni zamanda hər hansı bir hüquq mühafizə orqanı nümayəndəsi də o aksiyanı məhz hüquqi yollarla qarşısının alınmasına və ya tənzimlənməsinə şərait yaratmalıdır”, - deyə deputat bildirib.

2021-ci il dekabrın 1-də Bakıda keçirilən icazəsiz aksiya zamanı Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat partiyasının üzvü Tofiq Yaqubluya qarşı polis tərəfindən fiziki xəsarət yetirildiyi barədə yerli mətbuatda məlumatlar yer alıb.  Məsələ barədə Daxili İşlər Nazirliyi  məlumat yayaraq Tofiq Yaqublunun bölmədə döyülmədiyini, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddiaların əsassız olduğunu və  polis tərəfindən döyülməsi barədə iddiaların araşdırılacağını bildirib. 

Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiəsi Cəmiyyətinin sədri,hüquq müdafiəçisi Novella Cəfəroğlu dünən keçirilən aksiyada Tofiq Yaqublunun iştirakını doğru hərəkət hesab etmir.

"Tofiq Yaqublu polis tərəfindən döyülməməli idi. Biz hüquq müdafiəçiləri bir gün öncə Saleh Rüstəmovla görüşdük. Onun haqqında müsbət fikir yaratmaqdan ötrü lazım olan addımları atmışıq.Saleh Rüstəmovun evində xəstə uşağı var.Evinə tez qayıtmalıdır. Amma müsbət irəliləyişlər əldə etdiyimiz bir zamanda  Tofiq Yaqublunun bir günlük protestini başa düşmədim”, - deyə Novella Cəfəroğlu bildirib. 

Ağ Partiyanın sədri Tural Abbaslı hadisəni pisləyərək gələcəkdə Ermənistanın baş naziri Nikol Paşinyanın bu faktı beynəlxalq tribunalarda göstərərək Azərbaycanın imicinə xələl yetirəcəyini bildirib.

"Kütləvi aksiyaları qanunsuz adlandırmaq doğru deyil. Razılaşdırılmış və razılaşdırılmamış aksiyalar ola bilər. Konistitusiyada sərbəst toplaşmaq azadlığı var. Hər bir Azərbaycan vətəndaşı bu hüququndan istifadə edərək etiraz aksiyası təşkil edə bilər. Dünən razılaşdırılmamış aksiya keçirməyə cəhd olunub və qarşısı alınıb. Amma ortada döyülmə iddiası faktı var. Görüntü odur ki, müxalif şəxs işgəncəyə məruz qalıb. Onun görüntüləri göz qabağındadır. İstənilən hüquqi dövlətdə heç bir şəxs siyasi mövqeyinə görə hətta cinayətkar belə sübut olunmuş cinayət üstündə işgəncəyə məruz qala bilməz. Tofiq Yaqublunun döyülməsi faktı araşdırılmalıdır , göstərişi verən səlahiyyətli şəxslər bilinməlidir. Bu hadisə müxalifətdən çox iqtidarın əleyhinə işləyəcək. Dekabrın 15-i Ermənistan və Azərbaycan rəhbərlərinin Brüseldə Qarabağ  münaqişəsi ilə bağlı görüşü olacaq. Orada hüquqi dövlətin mövqeyindən çıxış edəcəyik. Bir anlıq düşünün ki, bu görüşdən 10 gün əvvəl müxalifətçi döyülüb. Bu, prosesə mənfi təsir edəcək.Beynəlxalq imicimizi zəiflədəcək. Biz deyirik ki, ermənilərə normal yanaşacağıq. Sabah Paşinyan bu fotonu göstərib beynəlxalq tribunularda çıxış edərək deyəcək ki, gələcəkdə Xankəndində yaşayan erməniləri də bu işgəncə gözləyir.İctimaiyyəti fakt qarşısında qoyacaq. Az TV özü bu cür halları xaricdə göstərib qınadığı halda eyni hadisə Azərbaycanda yaşanıb”, - deyə partiya sədri qeyd edib. 

Hüquqşünas Fariz Namazlı isə deyir ki, polis tərəfindən döyüldüyünü döyülən vətəndaş yox, dövlət orqanı sübut etməlidir. 

"İcazəsiz aksiya olsa belə vətəndaşa zor tətbiq etmək olmaz. Polisin qanunla müqavimət göstərmək haqqı var. Bu o halda baş verir ki, vətəndaş polisə zor tətbiq edir, əmrə tabe olmur, fiziki gücdən istifadə edir. Bu halda polis gözyaşardıcı qazdan və rezin dəyənəkdən istifadə edə bilər. Lakin yenə də əllə döymə halları ola bilməz. Tofiq Yaqublunun döyülməsi faktı da polis tərəfindən araşdırılmalıdır. Əgər sübut olunsa ki, Tofiq Yaqublu polis bölməsində bir necə polisə zor tətbiq edib və qarşılıq üçün belə bir cəza alıb, bu yenə də doğru deyil. Əllə vətəndaşa müqavimət göstərmək yanlışdır. Rezin dəyənəklə isə yalnız bədənə vurula bilər.Tofiq Yaqublu polis bölməsinə sağlam girib, xəsarət almış bir vəziyyətdə çıxıbsa buna dövlət orqanları faktlara ortaya sübut qoymalıdır. Əgər sübut olunarsa polis vətəndaşa qarşı bu işgəncəni törədib bu zaman həmin polis bir necə maddə ilə məsuliyyətə cəlb oluna bilər”, -  deyə vəkil əlavə edib.

Azərbaycan Respublikasının "Polis haqqında qanun"un 5-ci maddəsində qeyd edilir ki, polisin hər hansı şəxslə insanın ləyaqətini alçaldan şəkildə rəftar etməsi yolverilməzdir. Cinayət törədən və ya törətməkdə şübhəli bilinən  şəxsləri məlumat verməyə və ya cinayət əməlini törətməkdə təqsirini etiraf etməyə məcbur etmək, bu məqsədlə onları və digər şəxsləri hədələmək, işgəncəyə məruz qoymaq, onlara hər hansı fiziki və ya mənəvi təsir göstərmək qadağandır.
 
Şəxsin hüquqları, azadlıqları və qanuni mənafeləri polis əməkdaşları tərəfindən pozulduqda polis orqanı həmin şəxsin pozulmuş hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin bərpa olunması üçün zəruri tədbirlər görməyə, vurulan ziyanı ödəməyə borcludur.

Polis əməkdaşlarının qanuna zidd hərəkətləri nəticəsində vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunan qaydada ödənilir.

Azərbaycan Respublikasının Konstitusiyasının 49-cu maddəsində qeyd olunur ki, hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı var başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır.

Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM