Bakı Dövlət Yol Polisi lisenziyasız taksi xidməti göstərən sürücülərə cərimə yazıb. Bunu cərimələnən sürücülərdən biri Əfqan Mirzəyev anews.az-a açıqlamasında bildirib. Ekspertlər isə bildirir ki, bu hallarda sürücünü yalnız vergi orqanı cərimələyə bilər.
" Oktyabrın 25-i Binəqədi rayonu Rəsulzadə qəsəbəsi poladtökmə zavodu istiqamətində hərəkət edən zaman Yol Polisi Xidməti (YPX) avtomobili mənə "saxla" əmri verdi. Avtomobili saxladıqdan sonra yol polisi inspektoru mənə yaxınlaşıb bildirdi ki, mən lisenziyasız taksi
xidməti ilə məşğul olduğuma görə, inzibati xəta törətmişəm. Mən isə öz növbəmdə ona etiraz edərək, lisenziya ilə
bağlı Bakı Dövlət Yol Polisi İdarəsinin cərimə etmək kimi səlahiyyəti
olmadığını, bunun yalnız vergi orqanları tərəfindən icra etmə səlahiyyətinə
malik olduğunu bildirdim. İnspektor dediklərimə məhəl qoymadan 30 manat məbləğində cərimə edəcəyini söylədi", - deyə şikayətçi bildirib.
Mirzəyevin sözlərinə görə, inspektorun ikinci səhvi isə onu cərimə məbləği ilə bağlı aldatması olub. Belə ki, inspektor cərimənin 30 manat dəyərində olduğunu söyləsə də, vətəndaş portalda inzibati protokolu yoxlayarkən bu məbləğin 40 manat olduğunu görüb.
Sürücüyə təqdim edilən protokolu araşdırdıqda məlum oldu ki, yol polisi vətəndaşı başqa maddə ilə- 322.0.2 maddəsi ilə cərimələyib. Sözügedən maddə "Taksi” tanınma nişanları taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan taksi fəaliyyəti ilə məşğul olmaqla bağlıdır.
Sürücünün sözlərinə görə isə onun avtomobilinin üstündə taksi şahmatı olub.
Bəs lisenziyası olmadan taksi fəaliyyəti ilə məşğul olan şəxsləri hansı qurum cərimələməlidir?
Məsələ ilə bağlı yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov anews.az-a açıqlamasında bildirib ki, taksi xidməti ilə məşğul olan şəxslər üçün lisenziya deyilən bir anlayış yoxdur. Taksi xidməti ilə məşğul olan şəxs fərqlənmə nişanı almalıdır. Əgər taksi xidməti ilə məşğul olan sürücünün fərqlənmə nişanı yoxdursa, yalnız vergi orqanları həmin şəxsə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edə bilər, polis əməkdaşları isə bununla bağlı cərimə tətbiq edə bilməz.
" Vətəndaş taksi xidməti ilə məşğul olmaq istəyirsə, onun fərqlənmə nişanı olmalıdır. Sözügedən nişanı Bakı şəhərində Bakı Nəqliyyat Agentliyi (BNA), respublikanın digər bölgələrində isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) verir. Əgər həmin fərqlənmə nişanı olmazsa, bu barədə vergi orqanları tədbir görə bilər. Əgər yol polisi taksi xidməti ilə məşğul olan sürücünün fərqlənmə nişanı olmadığını aşkar edərsə o, sadəcə vergi orqanlarına rəsmi məlumat ünvanlamalıdır", - deyə ekspert vurğulayıb.
Daxil olan şikayətlə bağlı Bakı Dövlət Yol Polisi idarəsinin mətbuat xitmətinin rəisi Vaqif Əsədov anews.az-a verdiyi açıqlamasında deyib ki, əgər taksi xidməti ilə məşğul olan sürücünün fərqlənmə nişanı yoxdursa, bu inzibati məsuliyyət yaradır və yol polisinin sürücüyə inzibati protokol tətbiq etmək hüququ var. Polis belə bir səlahiyyət sahibidirsə onda niyə başqa maddə ilə protokol açıb sualına cavabında isə mətbuat katibi məsələni şöbədə araşdırmağı tösiyyə etdi. Yol polisinin sözçüsü həmçinin polisin fərqlənmə nişanı olmadan taksi fəaliyyəti ilə məşğul olan sürücünü qanunun hansı maddəsi ilə cərimələmək hüququna malik olduğuna cavab vermədi.
Samirə Ali
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !