Qarabağı 10 milyarda alaqmı?

09:10 | 14.08.2014
Qarabağı 10 milyarda alaqmı?

Qarabağı 10 milyarda alaqmı?

Savaş riskini sıfırlamağın ən optimal yolu; Dağıdıcı müharibədənsə, konfliktin maliyyə resursları hesabına həlli bütün tərəfləri qane edərdi, əgər Rusiya və Ermənistan rəhbərlikləri, nəhayət, rasional düşüncəyə köklənsəydi...Prezidentlərin Soçi görüşü bitsə də, görüşlə bağlı müzakirələr, fikir dartışmaları davam edir. Bunun bir səbəbi ayın əvvəlində təmas xəttində yaşanan “3 günlük müharibə” ilə bağlıdırsa, ikinci mühüm amil Qarabağ ixtilafının həllində iki qlobal gücün - Qərb və Rusiyanın maraqlarının heç vaxt olmadığı qədər toqquşmasıdır.Təsadüfi deyil ki, bəzi politoloqlar 10 avqust Soçi görüşünün reallaşmasını Qərb strateqlərinin uğursuzluğu kimi dəyərləndiriblər. Problemin həllinə cavabdeh olan vasitəçi dövlətlər arasında ziddiyyətlərin kəskinləşməsi fonunda münaqişənin optimal həll yolunu tapmaq isə bir az da qəlizləşmiş kimi görünür.Bu arada Rusiya saytlarından birinin sensasiyalı Qarabağ iddiası diqqət çəkib. Xəbər verildiyi kimi, portal guya prezident İlham Əliyevin ətrafına yaxın məlumatlı mənbədən aldığı informasiyaya əsaslanaraq belə bir məlumat yayıb ki, Azərbaycan Dağlıq Qarabağı geri almaq üçün Ermənistana 5 milyard dollar təklif edib. Söhbət əlbəttə ki, əlbəəl veriləcək nağd pul kütləsindən getmir (bu, texniki cəhətdən mümkün də deyil), tranşdan gedir. Məlumatda bildirilir ki, bu məbləğ Ermənistanın bütün xarici borcunu ödəməyə bəs edər. “Pul köçürülməsi isə birbaşa iki ölkənin Mərkəzi bankları arasında deyil, beynəlxalq maliyyə strukturları, məsələn, Beynəlxalq Valyuta Fondu (BVF) üzərindən həyata keçirmək nəzərdə tutulur” - xəbərdə belə deyilir. O da qeyd edilir ki, Bakı BVF-nin bu köçürmə üçün xidmət haqlarını da ödəməyə hazırdır. Bunun əvəzində Ermənistan 2015-ci ilin sonuna qədər Qarabağdan bütün hərbi birləşmələrini çıxarmalı və əraziləri 2019-cu ilədək orada qalacaq ATƏT, yaxud Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT - Rusiyanın yaratdığı hərbi-siyasi qurum - S.Ş.) aid sülhməramlılarının nəzarətinə verməlidir. Həmin dövrdə Azərbaycan Dağlıq Qarabağda paritet əsasda yerli hakimiyyət orqanları yaratmalı, Konstitusiyada dəyişiklik edib erməni dilinə ikinci regional dil statusu verməli, regionun bütün təhsil müəssisələrində erməni dilinin mütləq tədris edilməsini qanuniləşdirməlidir".Ermənistan tərəfi isə öz vətəndaşlarının 180 təqvim günü ərzində Dağlıq Qarabağa sərbəst-gedib gələ bilməsini istəyir. “Ən başlıcası budur ki, İrəvan kompensasiyanın məbləğinə razı deyil. Sərkisyanın emissarları bildirirlər ki, ancaq 10 milyard dollar məbləğində danışıqlara razıdırlar və pulun 3 il ərzində alınmasına razılaşa bilərlər. Yəni ildə 3 milyard dollar. Bu isə Ermənistanın illik büdcəsinə bərabərdir” - deyə sayt vurğulayıb. Rusiya elektron KİV-nin iddiasına görə, bu məsələ ilə bağlı danışıqlar Cenevrədə aparılır. Yəni belə çıxır,  moderatorluq Qərbə məxsusdur və problemin həllində Avropa heç də boş dayanmayıb. Məlumatın Soçi görüşündən dərhal sonra yayılması da diqqət çəkir və istisna deyil ki, həmin görüşün təbliğati effektini azaltmağa hesablanıb. Yəni göstərmək istəyirlər ki, məsələdə həlledici söz sahibliyi, moderatorluq illərdir konflikti həll etməyə real təşəbbüs göstərməyən Moskvaya yox, hər halda, Qərbə məxsusdur.    Yeri gəlmişkən, Qarabağ ixtilafının sırf maliyyə amili hesabına yoluna qoyulması ideyası təzə deyil. Bu barədə, daha doğrusu, mümkün bazarlıq barədə “Yeni Müsavat” olaraq ilk dəfə yazmış, gerçəyə yaxın ehtimallar səsləndirmişik. Məsələn, qeyd eləmişik ki, maliyyə imkanları böyük olan Azərbaycan tərəfi pərdəarxası və siyasi kuluarlarda bu yöndə təkliflərini işğalçı tərəfə vaxtaşırı çatdırıb, o sırada ədalətli sülhə razı olacağı təqdirdə böyük regional enerji və kommunikasiya layihələrinə Ermənistanın qoşulmasını təklif edib, sülh sazişindən sonra münaqişə bölgəsinin iqtisadiyyatının, infrastruktur və kommunikasiyalarının bərpası üçün regiona bir neçə milyard dollar maliyyə yatıra biləcəyini bildirib. Cəmi 150 min əhalisi olan balaca bölgə üçün bu, sözsüz ki, çox böyük məbləğdir.    Onu da qeyd eləmişik ki, Bakının bu qəbildən maddi təzminat təklifləri daha çox iqtisadi qurum olan Avropa Birliyində (AB) də maraqla qarşılanıb. Yeri gəlmişkən, AB-nin özü də Ermənistanı sülhə həvəsləndirmək, müharibə variantını gündəmdən çıxarmaqdaan ötrü bənzər təşəbbüslərlə çıxış edərək, münaqişə sonrası bölgənin bərpası və əhalinin oturuşması üçün bir neçə milyard (bəzi məlumatlara görə, 10 milyard) ayıracağını təklif edib.      Əfsus ki, acı-yalavac Ermənistandan belə əlverişli təkliflərə isti münasibət olmayıb. Ən yaxşı halda işğalçı tərəf susqunluq nümayiş etdirib. Bunun baş səbəbi heç şübhəsiz, Ermənistanın məsələdə söz sahibi olmaması, Rusiyadan asılı durumda olmasıdır. Bakı yəqin ki, bu amili də ciddiyə alır. Məsələ ondadır ki, Moskvanın razı salınması üçün də Azərbaycanın çalışdığı deyilir. Bu dəqiqə isə iqtisadi-maliyyə sanksiyalarından əziyyət çəkən Rusiyaya sərmayələr hava-su kimi gərəkdir. Elə Rusiyaya qarşı sanksiyaların altını çəkməli olacaq Ermənistana da. Bütün hallarda belə görünür, Qarabağ məsələsi ətrafında vasitəçi güclər də içində olmaqla böyük bir zondaj prosesi gedir. Olsun. Dağıdıcı müharibədən, ölümlərdənsə konfliktin iqtisadi-maliyyə resursları hesabına həlli qat-qat məqbuldur və hamını qane edərdi. Keşkə, Moskva və İrəvan gec də olsa, nəhayət, realist mövqeyə köklənəydi... (musavat.com)ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM