Bu gün UEFA Avropa Liqasının qrup oyunlarına start veriləcək.
Azərbaycanın "Qarabağ” Futbol klubu ilk oyununu Almaniyanın "Frayburq” klubuna qarşı keçirəcək. Beləliklə, futbol üzrə Azərbaycan çempionu ardıcıl 9-cu dəfə avrokubokların qrup mərhələsində mübarizəyə başlayacaq.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyun öncəsi mətbuat konfransında çox intizamlı komandaya qarşı oynayacaqlarını bildirib.
"Frayburq" çox maraqlı komandadır. Ciddi rəqiblə qarşılaşacağıq. İstəkli və həvəsliyik. Yaxşı mübarizə aparmaq niyyətindəyik. İstədiklərimizi gerçəkləşdirməyə çalışacağıq. Futbolçularıma inanıram. Azarkeşləri maraqlı matç gözləyir", - Qurbanov deyib.
O, rəqib baş məşqçinin göstərilən etimadları doğrultduğunu deyib.
"Meydanda nə edəcəyimizi bilirik. Amma rəqibin əks zərbələrinə hazırlıqlı olmalıyıq. "Frayburq"un baş məşqçinin yetərincə təcrübəsi var. O, şəhər əhalisi və futbolçular tərəfindən çox sevilir. Göstərilən etimatı doğruldub. Komanda uzun illər eyni səviyyədə çıxış edir. Bizdə belə matçlarda istər-istəməz həyəcan olur. Hər halda bu baş məşqçiyə qarşı mübarizə aparmaq mənim üçün maraqlıdır. Meydanda aktiv və dinamik olmalıyıq. Hər liqanın və komandanın üstünlükləri var", - baş məşqçi bildirib.
Qurbanov "köhlən atlar"ın avrokubok təcrübələrində rəqib komandadan üstünlüklərindən bəhs edib.
"Bizim Avropa təcrübəmiz var. Hər il qruplarda olmaq böyük üstünlükdür. Amma bu o demək deyil ki, təcrübədə onları üstələyirik. "Frayburq" hər mövsüm vacib matçlara çıxır".
Baş məşqçi "Qarabağ" FK-nı yeni tərk etmiş İbrahima Vadjidən də danışıb.
"Bu gün onun bizimlə olmasını istəyərdim. Vadjinin karyerasına görə sevinirəm. Amma o, yoxdursa, başqa addım atacağıq. Məyus deyilik. Əlimdə olan futbolçularla qarşıdakı oyunlara hazırlaşacağıq", - Qurbanov deyib.
50 yaşlı Mütəxəssis Bundesliqa təmsilçisinin standart vəziyyətlərdə təhlükəli olduğunu xatırladıb.
"Neçə gündür, baxırıq, analiz edirik və bunları futbolçulara göstəririk. Daha diqqətli olmağa çalışacağıq. Rəqibin əlavə nəsə etməsi bizə çətinlik yarada bilər. Standart vəziyyətlərdən bir az zəifik deyə hər hansı gərginliyimiz yoxdur", - Qurban Qurbanov çərşənbə günü mətbuat konfransında bildirib.
"Frayburq" klubunun baş məşqçisi Kristian Ştrayx isə mətbuat konfransında beynəlxalq təcrübəyə malik komanda ilə oynayacaqlarını vurğulayıb.
"Qarşımızda hər il Avropa Liqasında və ya Çempionlar Liqasında çıxış edən və beynəlxalq təcrübəyə malik komanda var. Son illər avrokuboklarda sabit çıxış edən komanda ilə oynayacağımız üçün xoşbəxtəm. Biz Bundesliqa oyunlarına da eyni ciddiyətlə yanaşırıq. Hər iki liqada inamlı çıxış etmək istəyirik", - Kristian Ştrayx deyib.
"Köhlən atlar"ın heyətində zədəli Kevin Medina, meydan sahiblərində isə Roland Şallai eyni səbəbdən görüşü buraxacaq.
"Europa-park” stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq. Görüşü belçikalı Erik Lambrextsin başçılıq erdiyi hakimlər briqadası idarə edəcək.
G qrupunun digər üzvlərindən "Nant" (Fransa) isə "Stade de La Beaujoire” stadionunda "Olimpiakos" (Yunanıstan) klubunu qəbul edəcək. Bu qarşılaşma "Qarabağ”ın oyun vaxtına təsadüf edəcək.
Bu gün keçiriləcək UEFA Avropa Liqasının qrup oyunlarının siyahısı:
A qrupu
20:45 - "Sürix" (İsveçrə) - "Arsenal" (İngiltərə)
20:45 - PSV (Niderland) - "Budö Qlimt" (Norveç)
B qrupu
20:45 - AEK (Larnaka, Kipr) - "Renn" (Fransa)
20:45 – "Fənərbağça" (Türkiyə) - "Dinamo" (Kiyev, Ukrayna)
C qrupu
20:45 - "Lüdoqorets" (Bolqarıstan) - "Roma" (İtaliya)
20:45 - HİK (Finlandiya) - "Betis" (İspaniya)
D qrupu
20:45 - "Malmö" (İsveç) - "Braqa" (Portuqaliya)
20:45 - "Yunion" (Berlin, Almaniya) - "Yunion" (Belçika)
E qrupu
23:00 - "Mançester Yunayted" (İngiltərə) - "Real Sosyedad" (İspaniya)
23:00 - "Omoniya" (Kipr) - "Şerif" (Moldova)
F qrupu
23:00 - "Latsio" (İtaliya) - "Feyenoord" (Niderland)
23:00 - "Şturm" (Avstriya) - "Midtüllan" (Danimarka)
G qrupu
23:00 - "Frayburq" (Almaniya) - "Qarabağ" (Azərbaycan)
23:00 - "Nant" (Fransa) - "Olimpiakos" (Yunanıstan)
H qrupu
23:00 - "Srvena Zvezda" (Serbiya) - "Monako" (Fransa)
23:00 - "Ferentsvaroş" (Macarıstan) - "Trabzonspor" (Türkiyə).
Sadiq Cavadov
www.anews.az